(təsadüflərə inanmırdı)
Evə gedirdi, avtobusla. Adam az idi içəridə. Düz qabağında yer boşaldı, əyləş ...-mə-di. Əyləşən kimi kimsə gəlib qucağında oturacaqdı., ona görə elə dayanmağı üstün tutdu. Sürücü hər dəfə əyləci qəfildən basanda insanlar sağa-sola yıxılır, “şofer, kartof daşımırsan!” söylənib, qarasına deyinirdilər. Bir tək o yıxılmırdı, o, ayaqları üzərində möhkəm dayanmağı öyrənmişdi və bir də onu nə itələmək, nə silkələmək, nə vurmaq, nə yıxıtmaq olardı. Avtobusdakı insanlara yanaşıb, diqqətlə onların üzünə baxırdı.., lap diqqətlə., lap yaxından.,... bəzilərini lap iyləyirdi də. Elə darıxmışdı... qəribsəmişdi... insanların varlığı üçün, insan qoxusu üçün. İldə bir dəfə gələrdi., nadir qonaq idi doğma şəhərində.
Avtobus
dayanacaqda saxlayanda digər sərnişinlər
kimi o da endi, pul vermədi ancaq. Ona eyib deyildi belə şeylər. Bağışlanardı.
Əslində evinə getmək üçün heç avtobusa oturmağa ehtiyac yox idi, o elə-belə də
gələ bilərdi bura. Sadəcə istədi hər şey əvvəllərdə olduğu kimi olsun..., nə
az, nə çox, eynən o vaxtlar kimi.
Avtobusdan
düşəndən sonra 50-60 m. gedib, köhnə bir
dəmir qapının önündə dayandı. Baxdı, xeyli baxdı qapıya. Nə qədər doğma idi ona
bu boz-bulanıq, cızıq-cızıq, deşik-çürük, rəzələrindən üzü aşağı paslı cığırlar
açılan keçmiş yüzilliyin qapısı. Onun solunda divardan lövhə asılmışdı. Hər dəfə
gələndə lövhəni oxuyardı. Bir daha oxudu:
“Qarabağ
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycanın milli qəhrəmanı
..... ...... ..... oğlu ....-cı ildən ....-ci ilə qədər bu evdə yaşamışdır.”
Qapı bağlı
idi, həyət-baca bom-boş, evlər kimsəsiz. İllərdi ki, bura adam ayağı dəymirdi.
Xəfifcə “baş əyməklə” doğma yurduna, ata
ocağına etimadını bildirdi və qapını açmadan içəri daxil oldu.
Budur,
onların həyəti,..doğulub böyüdüyü yer. Onu buradan cəbhəyə yola salmışdılar.
Qara xəbəri də bu qapıya gəlmişdi. Getməyini görmüşdülər, gəlməyini görən
olmamışdı., cənazəsi tapılmamışdı.
Həyətin ortasında durub, ora-bura “göz gəzdirdi”. Elə qoyub-getdiyi kimi idi. Sadəcə zaman öz tozlu nəfəsini üfürmüşdü buralara və rəngləri soldurmuşdu. Burda hər şey baxımsızlıqdan xəbər verirdi. Bu həyət kimi atılmış və unudulmuşlar gəlib burda daldalana bilərdilər.., unudulmamışların səs-küyündən.
...... yolda
güclə ayaqlarını sürüyən yaşlı bir qadına rast gəldi. Əlindəki paketdə çörək, yəqin
ki, evinə gedirdi. Onun ardınca düşüb getdi. Qadın bloka girib liftə oturdu. Dördüncü mərtəbəyə qalxdı, mənzilini
açıb daxil oldu. O da ardınca. Fərqi yox idi onunçun hara gedir, təki ev
olaydı, insan yurdu. Ev sahibəsi başındakı yaylığı açıb asılqandan asdı və mətbəxə
keçdi. Özü üçün nahar hazırlamalıydı - soğan soyub doğradı və qızartmağa
başladı.
Qəhrəmanımız isə tək bircə otaqdan ibarət mənzili gəzib qurtardı. Burdan qəribə qoxu gəlirdi, çürüntü, nəmişlik və kif qoxusu qarışığından ibarət nə idisə... Hiss olunurdu ki, mənzilin havası dəyişdirilmir. Mənzildə zibil və lazımsız köhnə əşyaların əlindən tərpənmək mümkün deyildi. 2-3 pişik də gözə dəyirdi bu ara. Qoca qadın yorgun olduğu üçün otağa keçib çarpayıya uzandı ki, dincələ. Eləcə də yuxu apardı onu., qazın üstündəki soğan da (bugünki naharı) yadından çıxdı büsbütün. “Qonaq” isə bütün bunları görürdü. Yenə vurnuxmağa başladı. İndi bu qoca nənəni necə oyatsın? Yadına pişiklər düşdü. Onlar astral varlıqları və metafizik aləmi daha böyük həssaslıqla duyurlar. Onları hürkütməyə başladı. İstədiyinə nail oldu. Pişiklər hürküb aləmi qatdılar bir-birinə. Pərdələrdən sallanıb cırdılar, bir-birinin üstünə atılıb tükürpədici səslərlə cırmaqlaşmağa başladılar. Səs-küyə qadın ayıldı. Yanmış soğanın iyi aləmi bürümüşdü. Tez çəkələklərini geyib mətbəxə yollandı. Tavadakı bir yığın qara kütləni görüncə cəld qazı keçirib, oturub ağlamağa başladı. Sonra aldığı çörəyi qoltuğuna vurub yerinə tələsdi. Uzanıb yavan çörəyini yeyə-yeyə taleyindən umu-küsü eləməyə başladı.
Bu fikirlərdən
onu tükürpədici siqnal səsi ayırdı. Arxada, döngədən çıxıb əsas yola burulan
maşın kimisə vurdu. Bir an içində insanlar dövrələdilər hadisə yerini. Yəqin
ki, piyadanın ehtiyatsızlığı üzündən baş vermişdi qəza. Ya sürücünün diqqətsizliyi
idi?.. Yaxınlaşdı ki, görsün nə baş verib? Yerdə uzanan cavan birisi idi. Olardı 20-22 yaşlarında. “Ax yazıq...” deyə fikirləşdi, əməlli-başlı
əzilmişdi zərərçəkən, yəqin ki, sınığı da olmalıydı, bəlkə hələ daxili
qanaxması da var... Diqqətlə oğlanın üzünə baxanda o qədər isti, doğma gəldi ki
ona bu üz.., sanki görmüşdü hardasa.., keçmişlərdə,çox-çox keçmişlərdə.. Getmək,
aralanmaq istədi burdan, gedə bilmədi. Bir daha diqqətlə baxdı. O idi. Oğlu!
Görüşmək istədiyi, boy-buxununa baxmaq
istədiyi biri. Gördü axır ki. Baxdı axır ki! Budur, burda, yerdə uzanıb. Artıq
təcili yardım maşını da gəlmişdi. Həkimlər elə oradaca ik yardım göstərməyə
başlamışdılar. O da nəsə etmək istəyirdi, kömək etmək, oğluna yararlı olmaq istəyirdi..,
onun üzərindən sağa-sola uçur, amma bir şey edə bilmirdi. Bu vaxt oğlunu öz
yanında gördü, yerdə uzanan halsız bədənini tərk etmişdi., və atasını
tanımışdı.
***
Qaytardı
oğlunu. Həkimlər göstərdikləri ilk tibbi
yardımın nəticəsini “ümüdverici” qiymətləndirib,
oğlanı xərəyə qoyub maşına yerləşdirdilər. O, çox pərişan halda uzaqlaşmaqda
olan maşının arxasınca baxıb, “başını”
buladı.
Qaytardı
oğlunu. Qaytardı bircəciyini öz yeknəsəkliyinə, öz “oyuğuna”, xırda, maraqsız,
sıxıcı həyatının davamına, qaytardı ki, hamı şükür edib, nəzir desin, onun
salamatlığına sevinsin, qaytardı ki, oğlu oxusun, işləsin, ailə qursun – hamı
kimi, övlad gətirsin dünyaya (günahkar ruhlar üçün evcik-bədən), onları tərbiyə
edib böyütsün, özünə Həqiqət kimi aşılananları eyni qayda ilə övladına
ötürsün, təhsil verib ev-eşik eləsin –
yenə də hamı kimi.., qaytardı ki, oğlu Palanikin sözlərinin doğruluğunu təsdiqləsin
öz həyatı ilə: “nəsilbənəsil insanlar zəhlələri
gedən işə özlərini həsr edib pul qazanırlar ki, bu pula onlara lazım olmayan
şeyləri ala bilsinlər”.
Qaytardı
oğlunu, qaytardı ki, o bir gün yenə avtomobil qəzasından həlak olmalıydı, amma
çox illər sonra və mütləq qəzadan, alın yazısı belə idi, və bu son hadisədən
onu hələ uzun bir müddət ayırırdı.
Oğlunun vəziyyəti
hələlik kritik idi, komadaydı o. Xəstəxanadan çıxıb, hələ təzədən yerimək, sərbəst
danışmaq, oturmaq-durmaq, yemək öyrənməliydi. Və bütün bu illər ərzində atasını
bir dəfə də olsun yuxuda görməməliydi.., atasının ruhu ilə olan ani görüşü də
qarabasma bilib heç kəsə danışmamalı və unutmağa çalışmalıydı.
Qaytardı..., oğlunu irəlidə uzun müddət çarpayıya pərçimli həyat və soyuq xəstəxana divarları gözləyirdi. Onu isə... onu kosmosun sonsuzluğu. Amma övladı ilə bir daha görüşəcəyinə möhkəm inanırdı. Bu dəfə ayrılmayacaqdılar..