“Yüz il tənhalığa məhkum edilmiş insan nəslinin bir daha dünyaya gəlişi caiz deyildir”.
Məişət poeması
Qabriel
Qarsia Markesin üzərində on səkkiz ay işləmiş olduğu “Yüz ilin tənhalığı” XX əsrin ən məşhur kitablarından sayılır. Onu
ərsəyə gətirmək üçün müəllif piar-menecer işindən imtina etmiş, maşınını
satmış, dostlarla ünsiyyəti kəsmiş, bütün ev-ailə problemlərini həyat
yoldaşının üzərinə qoymuşdu. 1967-ci ildə Buenos Ayresdə işıq üzü görən əsər 35
dilə tərcümə olunub, 30 milyon nüsxə ilə dərc olunmuşdu.
Bəzi tənqidçilərin
T.Mannın “Buddenbroklar”ı ilə müqayisə etdiyi əsərın yazılma prosesinə aid
suallara Markesin cavabı belə idi:
- Bir gün evə
gəlib yazı makinasının arxasına keçdim və on səkkiz ay yerimdən tərpənmədim.
Onun arzusu
ailə saqası yazmaq idi və nəhayət istəyinə nail oldu. O, romana İncil, Tövrat həqiqətlərini,
antik faciə elementlərini qataraq, dünya
mədəniyyətinin – Platon, Rable, Servantes, Folkner, Borxes və digərlərinin
motiv və obrazlarından bəhrələnərək olduqca maraqlı, oxunaqlı əsər yarada
bilmişdi. Milli-mifoloji təfəkkürə dayanan və əsasən İncil allyuziyalarından
qaynaq alan əsərin məlum başlanğıcdan (cənnətdən qovulma) məlum sona
(apokalipsis) uzanan diametral ötürməni
daxilində saxlaması araşdırıcılar tərəfindən daim vurğulanmaqdadır.
Əsərdə
dialoqlar demək olar yoxdur, izlənəcək süjet xətti də həmçinin. Bununla belə əsərdə
həyatın özü var. Və o həyat o qədər çoxçalarlı, tonusverici ki, öz zənginliyi ilə hər cür dialoqu əvəz edə
bilir.
Romanda həmçinin
baş qəhrəman da yoxdur və ya hamı baş qəhrəmandır. Tənqidçilər uzun debatlardan
sonra belə nəticəyə gəlmişlər ki, bircə
qəhrəman var və bütün nəsil onun reinkarnasiyalarından ibarətdir. Bundan əlavə
personajlar müsbət və mənfi olaraq da ayrılmayıb, onların hər biri polyuslar
arasındakı var-gəl zonasındadır. Mütləq mənada Xeyir və Şər də yoxdur burda,
bütün hal və qəziyyə özündə ikili paket
saxlayır... eynən həyatın özü kiimi., sırf ağ və qara, yaxşı və pis yox, yalnız
çalarlar. Müəllifin relyativizm tərəfdarı olduğu bu cür yanaşma ilə özünü büruzə
verir.
Simvolika
abidəsi sayıla biləcək əsərdə zaman-məkan hüdudları, uydurma ilə reallığın,
yuxu ilə gerçəyin sərhədləri silinir. Markes özü kitabı “Məişət poeması”
adlandırıb. Romanda Latın Amerikası ölkələrində tarixən formalaşmış iki mənəviyyat
formasına rast gəlinir.Ursula obrazında təzahür tapmış xalq, nəsil, ailə və
ikincisi – kasta/aristokrat mənəviyyatıdır ki,
onun da ruporu Fernanda del
Karpiodur.
Kitab böyük mübahisələrə səbəb olub. Kimsə süjetin kəsirli olmasını söyləyir, süjet xəttinin ümumiyyətlə olmadığını hesab edənlər də var, kimsə anlamadığını etiraf edir, kiminçünsə o tək Latın Amerikası yox, ümumiyyətlə insan həyatı, səhvləri, təlaş və həyəcanı, sevgi və nifrəti haqda ensiklopediyadır.
Tənhalar vadisində şəhər
Magik realizm
janrında yazılmış əsər insan tənhalığının istənilən təzahürünü öyrənmək məqsədi
güdür. Oxucu kitabın səhifələrində sonradan şəhərə çevrilmiş Makondo qəsəbəsinin
ilkin sakinləri və onu inşa edənləri: Xose Arkadio ilə Ursuladan başlanğıc
götürən bütöv Buendia nəslinin başına gələnlərlə tanış olur.
Qeyd edildiyi
kimi Makondo qəsəbəsinin salınması ilə cənnətdən qovulmuş Adəm-Həvva hekayəti arasında müəyyən parallellər
mövcuddur. Öz yaxın qohumu olan Ursula ilə evləndikdən sonra Xose Arkadio qətl
hadisəsi törədib doğma kəndini tərk etmək qərarına gəlir. Bu cütlükdən törəyən
övladlar, nəvələr onların yaxşı və pis
xüsusiyyətlərini irsiyyətlə nəslə ötürür və Buendia törəmələri “insanın iliklərinə qədər işləyən” tənhalıqdan
min dürlü əzab çəkirlər. Nəsildə elm passionarlarından, evdar, qənaətcil
xanımlardan, “gözəllik iləhələrindən” tutmuş şəhvət hissini heç cür cilovlaya
bilməyən Maço və nimfomanlara, insest həvəskarlarına, döyüş ruhlu mənsəbpərəst
sərkərdələrə, qisasçı qatillərə qədər istənilən əxlaq daşıyıcısına rast gəlmək
olar. Makondonun ərazi lokallığı çərçivəsində Buendia ailəsinin yaxından
iştirak etdiyi real tarixi (liberallar və konservatorlar arasındakı 20 illik
müharibə, insurgentlərin – banan kompaniyasının 3000 işçisinin güllələnməsi, qəsəbənin infrastrukturunun inkişaf edib ilk
kinoteatrı, dəmir yolu, buz fabriki olan şəhərə çevrilməsi); mifoloji (kabuslar, Melkiadesin ruhunun
dolaşdığı otaqda permanent və insan əli dəyməyən səliqə-səhman, elə həmən
otağın sehrində İkinci Xose Arkadionun gözəgərünməz olub, arxasınca gələn əsgərlərdən
canını qurtarması, Axirət daşqınını xatırladan və Makondonu lilli, palçıqlı çamur
gölünə çevirən beş illik yağmur, quşların kütləvi ölümü, həşərat basqını, şəhərin
qiyamət küləyinə bənzər tufanla məhvi);
məişət (qaraçıların hər il təşrif buyurub müxtəlif oyun, tamaşa və
gözbağlayıcılarla insanları əyləndirməsi, bayram təntənələri, toylar, xeyir, şər)
olaylarından ibarət milli varolum modeli reallaşdırılır.
Makondo
sakinləri əzəl gündən torpaq əkib-becərməklə məşğul idilər. Onlar fiziki əməyi
yüksək qiymətləndirir və həyatlarının mənasını onda görürdülər. Qəsəbə ətrafındakı
münbit torpaqlar yadellilərin bura axınına gətirir və gəlmələr (həmçinin
qaraçılar) özləri ilə elm və texnikanın şəhər sakinlərinə məlum olmayan nailiyyətlərini
gətirirlər. Dəmir yolunun salınması ilə Makondoya axın güclənir, qəsəbə artıb şəhər
statusuna çatır.
Banan
kompaniyasının vüsət alması şəhər camaatının əmək vektorunu başqa səmtə yönəldir,
əllər torpaqdan soyuyur, hamı alverə qurşanır. Torpaqdan uzaqlaşan əhalini təbiət
durmadan sınağa çəkir və nəhayət yerlə yeksan edir.
Markes
romanda təbiətdən uzaqlaşan insan xisləti və onun gözlənilən dekadansını təsvir
edir. Ali insan təyinatını qan və çamura boğmuş insanlar kosmik miqyaslı
öcalmalarla üz-üzə qoyulur.
Romanın əvvəlində
təsvir olunan pəhləvan cüssəli, sağlam, fiziki əmək intizamı ilə formalaşmış
insanlar sonda cılız, xəstəhal, yaddaşsız
yarımkölgələrə çevrilir.
Makondo
Buendia nəslinin üzvləri üçün adi şəhər deyil, müqəddəs torpaq, cənnətin
özüdür. Onlar şəhəri tərk edə bilmirlər, tərk etdikdə isə tez ya gec
qayıdırlar. Avropada gözəl təhsil almış Amaranta Ursula kimi. Yad eldə tam təmin
olunmuş stabil məişətini, ailə səadətini, insanın özünü xoşbəxt sayması üçün
lazım olan hər bir şeyi buraxıb onu dünyalar qədər sevən və bütün
şıltaqlıqlarına dözən həyat yoldaşı ilə Makondoya, ata-baba ocağına qayıdır. Qayıdır və yaxın qohumu Aureliano
Babılonya ilə eşq macərası yaşayıb adyulterə yol verir (ərinə xəyanət edir).
Və ya dəfələrlə
ölümün gözünün içinə baxan , qanlı savaşlardan doyub eynən bir kabus kimi evə
dönən, ətrafında çevrə cızıb heç kəsin ora adlamamasını tələb edən və beləliklə
tənhalığını rəmzləşdirən polkovnik
Aureliano kimi.
Xose
Arkadionun oğlu Kiçik Xose Arkadio kimi.
Günlərin bir günü qaraçılara qoşulub qaçıb itkin düşsə də uzun illərdən sonra
yenə onu Makondoda görürük. Gəlir və.... öz bacılığı ilə evlənir.
Latın
Amerikası reallığına istinadən qələmə alınmış bu ailə xronikası bir çox milli
mentalitet üçün gündəm reytinqi daşıya bilər, çünki roman psixoloji çalarlar
işləməsi ilə verilib və insan təbiətinin implisit bazis elementləri əksər milli
toplumlar üçün konstant yerindədir. Bu mənada Makondo dünyanın maketidir.
Roman boyu
böyük bir nəslin dirçəliş və süqutunu görürük. Makondonu döyüş xoruzları, əxlaqsızlıq,
müharibə, tərəqqi adına səfeh ideyalar, günah əməllər dağıntı və kollapsa müncər
etdi.
Leytmotivi hər şeyi udan, özündə basdıran, cahanşümul tənhalıq olan roman günahlar antologiyasıdır, onlar üçün ölüm kötüyüdür. Burda bir nəslin yüz illik həyat sərgüzəştində bütün insanlığın varlığı boyu etdiyi şər əməllərin presedentinə rast gələ bilərsiz. Bu, öz qürur və nöqsanlarından, həyat tərzindən əl çəkib dəyişmək istəməyən, əksinə, mənəviyyatsızlıq lilinə bir az da batıb yalnız öz instinkt və arzularını əsas götürən insanların gözlənilən süqut trayektoriyasını əks etdirən, heç zaman aktuallığını itirməyəcək səlnamədir.
İroniya
Romanda
ironiya bütün tale yüklü virajlarda rast gəlinir. Həmçinin xarakter
qarşıdurmaları, adi həyat səhnələrinin təsviri, kiçicik epizodlar belə bunsuz
ötüşmür. Polkovnikin dəstəyi və yaxından köməyi ilə hakimiyyətə gəlmiş
konservatorlar onun bütün oğullarını (cəmi 17 nəfər) öldürüb eyni zamanda
başına zəfər çələngi hörürlər, milli qəhrəman
elan edib ordenlə təltif edirlər.
Edip
kompleksinin də genetik kod kimi nəslin bütün üzvlərinin irsi yaddaşına
yazılmasında sarkazm nişanəsi var. Şaxəli və qol-budaqlı nəslin müxtəlif ailələrdən
olan Buendia üzvləri eyni məkan daxilində yaşayıb bir-biri ilə sıx ünsiyyətdə
olur və çox vaxt bu ünsiyyət, bağlantı və isinişmə aralarındakı yaş fərqinin və
ən əsası qohumluq irtibatının üstündən xətt çəkib cinsi cazibəyə, utancverici əlaqəyə,
insestə keçir.
Nəslin nənəsi
Ursuladan gəlmə lənətlənmə qorxusu şəcərənin bütün qadınlarına sirayət etmişdi.
Yaxın qohumu ilə ailə həyatı quran Ursula qan qohumluğundan törəyə biləcək, üzərində
nəslin rəzalətini gəzdirəcək eybəcər uşağı hər yeni doğulan körpədə axtarırdı.
Digər analar da eynən onun kimi körpəni ana bətnindən çıxan kimi qarnı üstə
çevirib diqqətlə nəzərdən keçirir, donuz
quyruğu tapmayınca sakitləşib “məndən keçdi” deyə tanrıya dualar oxuyurdular.
Amma bilən yox idi ki, genotip Buendia nəslinə
quyruq və ya digər fiziki qüsur yox, ruhi qısırlıq, mənəvi eybəcərlik,
ülviyyət kəsiri, tənhalıq sevgisi ötürür. Ursula öz nəvələrini (polkovnik
Aurelianonun üzlərini yalnız ərsəyə çatdıqdan sonra gördüyü müxtəlif
qadınlardan olan 17 oğlunu) məhz belə tanıyırdı - gözlərinin dərinliyinə çökmüş tənhalıq sazağı
ilə. Onların başı üzərində sanki kimsəsizlik, lazımsızlıq haləsi, üzlərində atılmışlıq təlaşı vardı. Böyük ailə
bir evdə, bir dam altında yaşayır, amma hərə özüyçün, hamı öz-özlüyündə tənhadır.
Eybəcər döl
qismətinə qalınca isə sonunda doğuldu belə körpə.., yeddinci nəsildə qan
qohumluğundan... şəcərədə heyvani
ehtirasdan yox, böyük məhəbbətdən doğulmuş yeganə uşaq - Aureliano Babilonya və Amaranta Ursulanın
oğlu donuz quyruğu ilə dünyaya gəldi. Anası güclü qanaxmadan tələf olan çağa ilə
nə edəcəyini bilməyən işsiz, pulsuz,
başını itirmiş ata onu böcək, hörümçək və digər həşəratların əsarətinə keçmiş
evdə başına buraxıb elə bu ev qədər tör-töküntülü, aclıq, səfalət, dağıntı, müharibə, quraqlıq,
sel, çovğun və s. sosial-ictimai kollapsa, təbiət hadisələrinə məğlub edilmiş şəhərə
üz tutur. Qayıdanda ac termitlərin naharına çevrilmiş çağanı yerində tapmır.
Makondoya onu dirçəltmək və Buendia nəslini
davam etdirmək məqsədilə qayıdan Amaranta Ursulanın burada öz qohumundan
(bacısı oğlundan) həyata gətirdiyi quyruqlu körpə nəslin davamçısı yox, elə
doğulan gün məhvə məhkum sonuncu
magikanı olur.
Daha bir
sarkazm – eyni adların nəsilbənəsil təkrarlanması zamanın qrammofon valı kimi
bir nöqtədə ilişib qalması və ataların yaşayıb çatdırmadığı sıxıntını oğulların
davam etdirməsi anlamına gəlir. Qeyd etmək lazımdır ki, romanda mifoloji vaxt modelindən istifadə
olunub, zaman adət edildiyi kimi düzxətli deyil, keçmişdən gələcəyə axmır, çevrə
üzrə dolaşır, ona görə də təkrarlar qaçılmazdır. Buendia ailəsində doğulan körpələrə
ya Arkadio, ya Aureliano adı verilir, bəzən
çaş salmamaqçun adın əvvəlinə və sonuna “İkinci”, “Xose” sözləri əlavə edilir.
Və daim təkrarlanan adlar oxucunu karıxdırır. Babanın, oğulun, nəvə-nəticənin
adları eyni və əlbəttə ki, hamısı tənha... Bu yerdə soyadla karmanın ötürülməsi
fikrinə bəraət qazandırmaya bilmirsən. Ümumiyyətlə, adın insan taleyində müəyyən təsir gücünə malik olması qənaəti Markesin bu teurgiyasında sübutunu tapıb desək
yanılmarıq.
Əmanətə xəyanət mövzusu da müzakirə masasına çıxarılanlardandır. Ursulanın gizlətdiyi, qonaqlardan kiminsə onların evində əmanət qoyub getdiyi qızılları heç kəs tapa bilmir. Hətta ailəsinin aclıq çəkdiyi dönəmdə də Ursula xəzinənin yerini demir, ömrünün sonunda kor olmuş qadın sirri özü ilə aparır. Çox illər sonra qızılları onun kötücəsi təsadüfən tapır və plebey dəstəsini başına yığıb acından ölən şəhərdə kef məclisləri keçirir, sonra həmən avaralar tərəfindən də qətlə yetirilir.
Fantastik və gözlənilməz elementlər
Kitabı
oxunaqlı edən həm də qəribə və gözlənilməz məqamlardır. Ailə tərəfindən
övladlığa götürülmüş, ata-anasını vaxtsız itirmiş, darıxdığında təkliyə çəkilib
barmağını sormaq və torpaq yeməklə həyata üsyan edən və ümumiyyətlə çox qəribə
varlıq olan Rebeka. Makondoya valideynlərinin sümükləri yığılmış və əvvəl günlər
əlindən belə qoymadığı torba ilə gələn Rebeka xəstə imiş və çox keçmir bütün
ailə, sonra isə şəhər gecənin qaranlığında gözlərin parlaması ilə özünü büruzə
verən yuxusuzluq azarına yoluxur. Xəstəlik
daha sonra yaddaş pozğunluğuna gətirib,
hamını amneziyaya düçar edir. İnsanlar adi əşyaların adlarını unutmamaq üçün
onları kağıza yazıb üstlərinə yapışdırırlar. Meydanda iri bir “Allah var!”
şüarı yazılıb asılır ki, insanlar onun varlığını yadlarından
çıxartmasınlar. Şəhəri bu bəladan çox gəzib-çox
bilən qaraçı Melkiades xilas edir.
Polkovnik
Aurelianonun 12 yaşlı Remediosla evlənməsi. Əkiz uşaqlara hamilə olan qızcığaz
(sivilizasiyadan demək olar uzaq yerdə bətndəki döllər haqda belə səhih məlumatın
mənbəyi bir az qaranlıq qalır...) qısqanclıq üzündən Amarantanın başqa
birisinin – rəqibi Rebekanın kofesinin əvəzinə səhvən onun fincanına atdığı
morfidən dünyasını dəyişir.
İkinci
Aureliano və ciddilik timsalı Fernandanın qızı Meme ilə banan plantasiyasının fəhləsi
arasında yaşanan məhəbbət macərası. Maurisionu (sevgili) hər yerdə
plantasiyadan uçub gələn balaca sarı kəpənəklər müşayiət edir. Harda bu uçan
cücülər peyda olurdusa, deməli Maurisio yaxınlıqdadır.. Sosial nərdivanın uzaq pillələrində durmuş bu
iki nəfərin arasındakı uçurumun optikləşməsi üçün cücülər kimi incə detala əl
atılması diqqətəlayiq gediş idi.. Macəra
isə fəci sonluqla bitir: ailə mezalyansın - onların birləşməsinin əleyhinə
olduğundan Memenin bütün səyləri heç bir nəticə vermir. Nəticədə bədbəxt sevgili şikəst edilir, ondan uşaq
dünyaya gətirən Meme isə uzaq bir monastra göndərilir.
Polkovnikin
müxtəlif qadınlardan olan 17 oğlunun alnındakı yumaqla və başqa vasitələrlə
getməyən küllə çəkilmiş xaç rəsmləri. Alınlarında bir növ nişangah gəzdirən
qardaşları sonralar məhz həmən xaçlara
tuşlanan silahlarla qətlə yetirirlər.
Roman-epopeyanın
daha bir qəribə epizodu: nəvələrinə daim
bağlamalarda müxtəlif hədiyyələr göndərən Fernandanın atası bir gün ailəyə belə
bir “sürpriz” hazırlayır – olduqca iri,
ağır yeşiyi həvəslə açan nəvələr onun içində hədiyyə əvəzinə babanın qurd
basmış nəşini tapırlar. Bütün ev əşyalarını hissə-hissə qızına göndərən kimsəsiz
ata sonda “özünü göndərir”.
Fantastik
elementlərdən danışanda levitasiya, astral cərrahiyyə və digər məqamlara
toxunmamaq mümkün deyil. Hamını öz cazibəsinə
salmış , bir qədər əqli inkişafdan geri qalan
gözəl Remediosun əlindəki mələfə ilə birlikdə uçub getməsi (müqəddəsləşmə
misallı); polkovnikin öncəgörmələri;
Amarantanın ölümlə razılığa gəlib kəfənini tikib qurtarana qədər vaxt
istəməsi, dəfələrlə tikilib sökülən, illərdən sonra hazır olan kəfənə bürünüb
gözlərini əbədi yumması; Fernandanın gözəgörünməz həkimlər tərəfindən qadın xəstəliyindən
distansion “müalicəsi”. Ağzına atılmış dəsmalla
narkoz alıb evdə öz yatağındaca yatızdırılması və ayıldıqdan sonra qarın nahiyəsindəki
real əməliyyat yarası. Bu azmış kimi sonradan daha bir konfuz açıqlanır:
utancaq Fernanda “gözəgörünməz həkimlərə” hər şeyi olduğu kimi açıb deməməsi
üzündən əbəs yerə kəsilib-doğranıbmış və
əməliyyata heç lüzum yoxmuş... Bu da əsərin
güclü ironik məqamlarındandır.
Qətlin gizlədilməsi
faktı ilə bağlı belə bir müəllif gedişi :
arvadı tərəfindən öldürülən Xose Arkadionun nəşini nə qədər yusalar da
barıt qoxusunu dəf edə bilmirlər. Hətta torpağa tapşırdıqdan sonra da bu qoxu onun məzarını tərk etmir. Sirli barıt
qoxusu cinayətin açılmadığına işarə idi.
Məişət donu geydirilib, xtonik qata maksimum yatırdılıb triviallıq örtüyü altında gizlədilən fantastika oxucunun diqqətini real həyatda rast gəlinən və onun təbii qeyri-fiziki davamı olan faktlara, olaylara çəkmək məqsədi güdür. Məs.Buendia ailəsi üzvləri öz evlərində ruhlarla qarşılaşmağa normal və adi baxır, bu da “Tanrı üçün hamı diridir, ölülər də, dirilər də” xristian dünya modeli ilə birbaşa səsləşir.
Öz dünyasında zəncirlənmişlər
Tam mənada
heç zaman insana mənsub olmayan, özününküləşdirilməsi mümkün görünməyən Sevgi,
Dostluq mövzuları var ki, onların
müqabilində sırf özününkü sayıla biləcək, heç vədə heç kəsin vurub əlindən
salmayacağı, alıb aparmayacağı bir duyğu var, adı – Tənhalıq. İnsana məxsus,
ona xas, yalnız özününkü olan bu duyğu əsərdə bütün mümkün variantlarda
hallanıb.
Bacılığı
Rebekanı dişləri ilə gəmirməyə hazır olan Amarantada onların hər ikisinə musiqi
dərsi keçmiş italyan Pyetroya qarşı ilıq hisslər oyanır və o and içib söz verir
ki, nə olur olsun Rebeka ilə musiqiçinin toyuna pəl qatacaq. Amarantanın
olmazın fitnə-fəsadı ilə toy illərlə təxirə salınır. Nəhayət tapılıb qəfildən qəsəbəyə
qayıdan pəzəvəng, cantıraq, qoşqu heyvanını xatırladan Xose Arkadio ilə
bacılığı çılğın Rebeka arasında alovlanan şəhvani hisslər onların hər ikisinin
rüsvaycasına evdən qovulmasına və sonra evlənib ailədən kənar bir yerdə
yaşamalarına səbəb olur.
Rəqibini
neytrallaşdıran və ömrünün sonuna qədər ona qarşı bəslədiyi nifrət, kin-küdurətin
əsarətindən çıxa bilməyən Amaranta Pyetro ilə
xoşbəxt ola bilərdi. Amma olmadı.... irsi tənhalıq duyğusunun ona diktə
etdiyi qorxu və güvənsizlik ucbatından sevgisinə yox dedi. Birinci məhəbbətini
itirib bütün meylini Amarantaya salmış və “necə olub ki, səndəki dərinliyi və
böyüklüyü bu vaxta qədər sezə bilməmişəm” söyləyən Pyetro onu günbəgün özünə
yaxınlaşdırıb şirnikləndirən insanda birdən-birə baş verən bu soyuqluğu, qəribə
dönüşü heç cür anlaya bilmir və onların səadətinə mane ola biləcək bir şey
olmadığı halda sevgilisinin onu özündən uzaqlaşdırmaq cəhdləri bədbəxt
musiqiçini özünə qəsd etmə məcburiyyətində qoyur. Xudbinlikdən doğmuş günah və səhvini başa
düşərək özünə kəsilmiş cəza – qadın ovuclarını yanar plitə üzərinə basaraq
ömrünün sonuna kimi dul qadınların nişanəsi sayılan qara sarğını əllərindən
açmır..
Əsərdə ən qatı,
qandondurucu tənhalıq pəhləvan cüssəli ərini (həmçinin qardaşlığını) sərrast
güllə ilə qətlə yetirən Rebekanın tənhalığıdır. İldən-ilə zamanın kəsif nəfəsindən
hissə-hissə ovulub-tökülən, sökülüb çökən, xarabazarı xatırladan evdə sadiq
qulluqçusu ilə bağlı qapı arxasında qalan, ətraf mühitlə hər cür əlaqəni üzüb,
havasızlıq və aclıqdan artıq şəffaflaşmış, insandan çox kabusu xatırladan,
evindəki əşyalar tək toz basmış, saçı-qaşı kimi dişləri də evin atrıb-törəyən
boşluğunda əriyib buxarlanmış ruhu viranə qadın..
Markes tənhalıq
xəzəlini Makondo küçə və meydanlarından
süpürüb Fernandanın doğma şəhərinin üzərinə də səpələyir. Qotika stilində
tikilib quraşdırılmış, 32 qüllə zənginin səsinə bürünmüş şəhər hər gün öz tənha
taleyini salamlayıb qaçılmazlığa boyun əyir. Və bu tutqun, kədərli şəhərdə
dünyaya göz açmış Fernanda başında ülyahəzrətlik havaları, kamillik
portfoliosu, gözəllik ilahəsi simvolu
kimi Makondoya ayaq basıb öz doğma yurdunun abi-havasını, aristokrat məcazını,
kübar vərdişlərini heç bir qadağa, tabu tanımayan, yel kimi sərbəst Buendia ailəsinə gətirir. Ailə onu heç cür qəbul
edib sevə bilmir. Fernanda da kimsəsiz və tənha idi, amma onun tənhalığı bir az daha pafoslu idi. O tənhalıq qar kimi
ağ və təmiz olmasa süfrəyə əyləşmir, qızıl altlıqlı fujerdə şərab içir, gümüş
qıraqlı bahalı servizdə xüsusi təamlar dadırdı.
Ahıl
yaşlarında ağlını itirmiş və evi uçurtmasın deyə həyətdə iri şabalıd ağacının
altındakı skamyaya sarınaraq uzun illər “məhbəs həyatı” keçirən Xose Arkadio
Buendia və məşhur oğlu polkovnik Aureliano elə bu şəcərə simvollu qollu-budaqlı
ağacın yanında müxtəlif vaxtlarda həyatla vidalaşırlar. Həyat yolları və
sonucları fərqli olan ailə üzvlərini steplersayağı bir-birinə tikən yeganə
oxşarlıq kimsəsizlik, lazımsızlıq duyğusu idi. Və bu kimsəsizliyin canlı şahidi
şabalıd ağacı qədimlik, əzəmlik rəmzi daşıyıb klassik və mifoloji səpgidə
arxetipləşir.
Daha bir
konfuzu Melkiadesin simasında görürük. O biri dünyaya səyahət edib
“qayıdan” qaraçı/peyğəmbər məhz ona görə
dönür ki, orda da quduz tənhalıq onu addımbaaddım izləyirmiş...
İnsan tənhalığı romanda müxtəlif səbəblərlə açıqlanır. İlkin səbəb sevməyi bacarmamaqdır və bu Buendia ailəsinin bütün üzvləri üçün xarakterikdir. Buendia savaşı , zərgərliyi, kommersiya işini, əkib-becərməyi, nəsil artırmağı, evdarlığı, elmin dərinliklərinə baş vurmağı və s. və il.bacarır, amma sevə bilmir.. O, sevgini yırticiliğa, dəli ehtirasa, şəhvətə, rəqabətə, birinciliyə, qurbanvermə ritualına, eqoizm apofeozuna, daha nələrə tən tutur, bir tək öz həqiqi mənasından başqa. Daha bir səbəb izoləolunma ehtiyacıdır ki, bu da yuxarıdakı səbəbdən doğur.
Yaddaqalan obrazlar
Əsərdə qadın
obrazı qarşısında reverans da yox deyildir. Nəslin patriarxı elm və tərəqqinin
müxtəlif “oyuncaqları” (maqnit, böyüdücü şüşə və s.) ilə oynarkən işgüzar,
dözümlü, müdrik, iradəli Ursula ailənin yükünü təkbaşına çəkir. Daha sonralar
daxilində coşub kükrəyən enerjini hara xərcləyəcəyini bilməyən ağlını itirmiş ərini
ağaca sarıtdıran qadın onun da qayğısına
qalır, pis xəbərləri gizlədib, yalnız xoş müjdələri onunla bölüşür. Buendia nəslinin
başçısı bu baxımdan 120 il ömür sürən, sonunda gözlərinin işığını itirsə belə
korluğunu hamıdan gizlətməyə müvəffəq olan və hər şeyə rəğmən ailənin həyatında
yaxından iştirak edən Ursula sayıla bilər. Vətəndaş müharibəsi dövründə bu
qadın nümunəvi dəyanət və qeyrət nümayiş etdirmişdi. Şəhəri idarə edən nəvəsi Arkadionu qəddarlığına görə kötəkləmiş, ailənin
yaxın dostu olan Gerineldo Markesin güllələnməsi əmrini ləğv etməyəcəyi təqdirdə
oğlu polkovnik Aurelianonu öz əlləri ilə öldürəcəyini bildirmiş və günahsız
insanı xilas etmişdi.
Alim və
sehrbaz, piliqrim və kosmopolit, qaraçı Melkiades tənqidçilər üçün əsl yağlı
tikədir. Onun misalında Messiya, Melhisedek, Faust, Mefistofel, Prometey kimi
onlarca prototip göz önünə gəlir. Müsahibələrindən birində “bütün qəhrəmanlarda
məndən nəsə var” deyən müəllif öz cizgilərini
daha çox bu obrazda cəmləmişdi...,
keçmiş əyyamlarda rəssamlar toplum insan təsvirinin bir tərəfinə öz rəsmini əlavə
etdikləri kimi. Qaraçı bütöv bir nəslin səlnaməçisinə çevrilir və nəslin
kodlaşdırılmış bu tale yazısı elə romanın özüdür.
Ədəbiyyat araşdırıcıları kitabda yer alan unutqanlıq sindromu ilə bağlı mübahisələrdə Melkiades obrazına toxunmaya bilmirlər. Unutqanlıq detalını kitaba əlavə etməklə müəllif nələrə nail olmaq istəmişdi? Niyə sakinlər total bu azara tutulmalı idilər? Unutqanlıq motivinin əlavə olunması müəllifə insanların öz keçmişini unutması üçün lazım idi – daha doğrusu ilkin günahı. (lokal roman coğrafiyasında bu simvolizm yenicə evləndiklərində ərini uzun müddət özünə yaxın buraxmayan Ursulanın onun tərəfindən zorlanmasında və onlardan da əvvəl əcdadlarda doğulan quyruqlu uşaqda təzahür tapır). Məqsəd yaddaşları silmək idi ki, insanlar ağ vərəqdən başlasınlar dünyadərkinə. Amma Melkiades planın həyata keçirilməsinə imkan vermir, hardansa tapılıb gəlir və hamını unutqanlıq azarından qurtarır. Bu mənada Melkiades Şər, İblis rolundadır. , irsi möhürün pozulmasına imkan vermədiyinə görə. Digər tərəfdən o Xeyir, Allah mənasındadır, çünki kənardan müdaxiləsiz, insanların problemi özlərinin dərk edib, öz içlərində dəf etmələrini istəyir. Bir daha, yuxarılarda qeyd edilən kimi teyxa Müsbət və Mənfi yoxdur,.. və Melkiades surəti bunun bariz nümunəsidir.
Rekviyem
Eyni dam altında yadlaşma duyğusu gündən-günə dərinləşən Tənhalıq belə sonuclanır:
Küçələrini beş illik yağışlar yumuş, müharibə güllələrinin çöhrəsini suçiçəyi yarasına döndərdiyi, az yaşına baxmayaraq olanlardan-keçənlərdən qarıyıb-qartımış , dağıntılara məruz qalmış şəhərin yarımuçuq tikililəri arasında süquta uğrayıb sütunları çökmüş, tərk edilib kəpənək və qarışqaların, keçmişlərin kabusunun, ruhların və xatirələrin ixtiyarına verilmiş, əvvəlki ehtişamına parodiya qismində görünən bir ev var.
Bir vaxt orda polkovnik yaşayardı, bütün arzu və ideallarını itirmiş Polkovnik...
Olduqca gözəl bir qadın da yaşayardı orda. Onu sevmək (gözəlliyinə valeh olmaq, nə yeyib,içib, geydiyi ilə maraqlanmaq yox, məhz olduğu kimi sevmək – qırxıq başına, lüt bədəninə keçirtdiyi balaxona (ləbbadə), kəsirli şüuruna, uşaq hərəkətlərinə rəğmən) bir kimsənin ağlına gəlmədiyindən küləyə qoşulub əlindəki mələfə ilə birgə... uçdu.
Son günlərini həyətdəki iri gövdəli qoca ağacın altında başa vuran bir xəyalpərəst – nəslin atası vardı orda..
Bütün ailənin yükünü zərıf çiyinlərində daşımağa adət etmiş müdrik bir ana və daim məhəbbət arzulayıb ondan qaçan, hətta bu yolda canılıyı belə özünə rəva bilən qadın da yaşayırdı orda.
Kənardan ailəyə qəbul edilən, xiffətdən torpaq yeyən və nəhayətdə qardaşlığına tamah salması üzündən evdən qovulub həyatını tənhalıqda başa vuran qadın da...
Cüssəli birisi... doğmasından, yaxınından aldığı güllə yarasından axan qanı bütün şəhəri dolaşıb gəlib ata evində anasının ətrafında göllənmiş birisi...
Bütün bu macəralar xronikası yellənən kreslosunda oturmuş insanın bəbəklərində yanıb sönür. Onun da öz macərası var. Qadını ona oğlan uşağı bəxş edib həyatla vidalaşdı, sonradan qarışqaların şikarına çevrilən uşağı... İndi o öz misalında qulaquğuldadacaq Tənhalığın son akkordlarını canlandırır. Heç kəs qalmamış artıq, o təkdir. Sirr açılıb, manuskript oxunub, hər şey aydındır.
“Nəslin yaradıcısı ağacın, sonuncusu – qarışqaların olacaq”.
Buendia nəslinin tarixçəsini yazan qaraçı Melkiadesin manuskriptini əsərin sonunda Aureliano Babilonya açmağa müvəffəq olur. O bilirdi ki, qaraçının qoyub getdiyi perqament yazılarında onun da taleyi öz əksini tapıb. Amma bu barədə oxumağa heç tələsmirdi...
Makondoda onu yer üzündən silməyə qadir qasırğa, qiyamət küləyi başlamışdı artıq. Babilonya soyadı isə artıq tarixlərə gömülən Vavilon şəhərinə işarədir.
Əsər esxatoloji sonluqla bitir:
“Yüz il tənhalığa məhkum edilmiş insan nəslinin bir daha dünyaya gəlişi caiz deyildir”.
Əsərlə müəllifin çatdıracaqları bunlardır: ümumbəşəri mənəvi birlik, əxlaqi nəcabət, yüksək mənəviyyat hasil etməsə cəmiyyət məhvə sürüklənəcək.