Bizlərdən hər biri yalnız cəhd, sınama, impuls və durmadan haralarasa tələsən zərrəciklərik.
İnsan ruhu beyinçün Edem sayıla biləcək o misilsiz İşıqlar diyarında da rahat və sakit deyildi...
İdarəolunmaz
İyirminci əsrin
tanınmış simalarından olan Herman Hesse Kalv adlı əyalət şəhərciyində (cənubi
Almaniya) anadan olmuşdu. Meşələrlə əhatə
olunmuş şəhər çay kənarında yerləşirdi. Uşaqlıqdan patriarxal kənd atmosferində
böyümüş Hessenin qəhrəmanları sivilizasiyanın nailiyyətlərini tanımamış,
texniki tərəqqiyə tapınmağı özləri üçün artıq saymışlar. Sosial mədəniyyətə,
ictimai əməyə, kollektivizmə, hər cür qrup birləşmələrinə nifrətin də burdan
qaynaqlanması zənn olunur.
Hesse
protestant missionerləri ailəsində tərbiyə almışdı. Moralist valideynlərin
protestantlığın tövbə/indulgensiya şansı buraxmadığı, insanın kilsənin köməyi və
vasitəçiliyi ilə günah yükündən azad olmadığı, onu əzən daxili sarsıntıları ilə
başbabaş buraxıldığı bir mühitdə böyümüş övladının bütün əsərlərində protestant
oğullarının bu konfessiya ilə konfliktindən söhbət açılır.
Hessenin çox
mürəkkəb yeniyetməlik dövrü olub. Onun sayagəlməz qəribəliklərindən biri də
olduğu yeri yandırmaq istəyi idi. İpə-sapa yatmayan divergent təbiətli Hesse məktəbdən-məktəbə
adlamış, valideynləri, qonşular və müəllimlər üçün növbənöv problemlər törətmiş,
evdən qaçmış və nəhayət, idarəolunmazlığı üzündən psixikasının sağlamlığını
şübhə altına qoyub, ruhi-əsəb müalicəxanasına yerləşdirilmişdi. Əlacsız qalan
biçarə valideynlər bəlkə şeytan əsarətində olan oğullarının cinlərini qovmaq
üçün ekzorsistə müraciət etməli olmuşlar. Bunu əngəlləməkçün Hesse intihar cəhdinə əl atmış və xoşbəxtlikdən məqsədinə
nail olmamışdı.
Beləcə hələ
uzun müddət davam edəcəkdi ki, möcüzə baş verir. Hessenin çılğın barışmaz
ruhunun rahatlıq tapması evlərində olan
zəngin kitabxana sayəsində baş tutur. Kitablar onun təbibinə
çevrilir. Hesse kitabları oxumur, onları
canına hopdururdu. Akademizmə, məktəb fənnlərinə
ikrah duyan oğlanda evdəki bu biliklər xəzinəsinə maraq hədsiz idi.
“Muncuq oyunu”
1919-cu ildən
sonra uğurlu yazıçılıq fəaliyyətinə başlamış Hesse öz daxili təbəddülatları, çəkişmə
və üzüntülərini qəhrəmanlarına transformə edir, sonra onları istənilən həyat səhnələrində
yoxlayırdı. Onun bütün qəhrəmanları özünü axtaran insanlardı. Müəllifin ruhu
bütün əsərlərinə hopmuşdu. “Demian”
romanı psevdonim altda nəşr olunsa da redaktor əlyazmanı oxuyan zaman demişdi:
kitabın tək bir çatışmayan cəhəti Hessenin dəst-xətiinə oxşarlığıdır.
Hessenin
romanları, yuxarıda qeyd edildiyi kimi həmişə ruhunun bioqrafiyası olub, qəlbinin
şəklini çəkib onlarda müəllif. Onun əsərləri
xarici təsirlər deyil, daxili proseslərin dinamikasından bəhrələndiyi
üçün ruhsal həyatın ensiklopediyası, psixoloji çoxçalarlıq antologiyası qismində
taksonlanıb ədəbiyyatşünasların mərkəzəqaçan adlandırdığı roman tipinə aid
edilir. Bu roman tipinin yaradıcıları sırasında Abelyar, Russo, Tolstoy kimi nəhənglərin imzası var –
introspektivliyin məxəzi.
Romantik
Novalisin baxışlarının davamçısı olan Hessenin əsərlərində dəqiq sosial,
coğrafi, tarixi faktlara uyarlılıq meyli
duyulmur, yalnız introversiya və özünütəhlildə təkmilləşmiş şüur halı göz önünə
gətirilir. Hessenin bütün əsərləri psixoloji təbəddülatlara, özünüaxtarıma, ruhi devrimlərə, keçilməz sualtı cərəyanlara,
dəruni qatların təhqiqinə həsr olunur. Bu pleyada sıralanmasında “Muncuq oyunu” müəllifin
psixologizm adına toxuduğu
xalıda dürr danələridir.
1946-cı ildə
Nobel mükafatı yazıçıya təkrarolunmaz
stil, humanizm ideyalarının tərənnümü və həmçinin “Muncuq oyunu” üçün verilmişdi. Digər əsərləri
ilə müqayisədə romanın əlahiddəliyi onun
həm mərkəzəqaçan, həm mərkəzdənqaçan
fabula tipinə uyuşmasıdır. Burada həm məkan canlandırılmasına, anturaj təsvirlərinə
xeyli yer ayrılıb, ətrafdakı həyat özəllikləri
göz ardı edilməyib, həm də personajların mənəvi parametrləri, zehni yüksəliş,
daxili dünyanın səngimək bilməyən səsi qabardılıb gözəl bir süjet
akkompanementi şəklində nəşət edib.
U.Ekonun
“Qızılgülün adı” əsərində yazılmamış kitabların qaramatına aid qeyd var. O
qeydi burda da səsləndirmək olar. Zənnimcə bu kitab yazılmasaydı, onun kabusu
ömür boyu Hessedən əl çəkməyəcəkdi. Əsər istənilən dövr, əsr, kəsim üçün aktual
olduğundan yaranması mütləq idi.
Hessenin əsərlərinə
avtobioqraflıq səciyyəsi ilə yanaşı digər realdan köçürmələr də xasdır. Məsələn,
magistr Tomas fon der Travenın prototipi
Trave çayı yaxınlığında (Lübeke) doğulmuş Tomas Mann, İakov atanın prototipi –
italyan İntibahının tanınmış
tarixçisi Yakob Burkxardt idi.
Adı gedən əsər bəzilərinin keçmişdən, bəzilərinin gələcəkdən
gəldiyini dedikləri Kastaliya salnaməçisinin dilindən Hesse tərəfindən qələmə
alınmışdı. Bu baxımdan tarixçinin gələcəkdən gəlməsi daha təsirli. Bir çox tədqiqatçılar
əsərin vaqiətini gələcəyə aid etməkdə israrlıdırlar, Hesse gələcəyi belə görürmüş.
Roman-pritça fəlsəfi olmaqla yanaşı çox dəyərli bir psixokult
nümunəsidir. Zəka, bilik sahiblərinin
mürəkkəb daxili aləmi məharətlə açılmışdır. Cəmiyyətdə özünü itirmiş
insan müəllifin demək olar bütün yaradıcılığında obraz vakansiyalarını doldurmuş yetərincə
dolğun bir mövzudur.
Yunq təlimi
ilə maraqlansa da onun eqosentrizmindən uzaq duran Hesse bu təlimdən introspeksiya –
daxilə baxış, özünütəftişi əxz etmişdi.
Kütləvi zöhd (Seçilmişlər diyarı və onun yaranma səbəbi)
Bilinmir
keçmişdəmi, gələcəkdəmi ya çağımızdamı, hansısa dövlətdə öz daxili qüdsiyyət
qanunları ilə yaşayan Kastaliya adlı Pedaqoji əyalət mövcuddur. Bir növ
İtaliya Vatikanı kimi. Əyalətin adı Parnas dağının cənub yamacında yerləşən və
Apollonun oğlunun şərəfinə Delf adlandırılan şəhərdəki buz sulu Kastaliya çeşməsindən
götürülüb.
Kastaliya əhli
ölkə əhalisindən tam fərqli yaşam tərzi sürüb başqa “məssəbə” qulluq edir. Adi
məktəblərdən yığılıb Kastaliyanın elit tədris ocaqlarına yönləndirilmiş şagirdlər
burada xüsusi nizam-intizama alışdırılır, yüksək musiqi təhsili alıb, bir çox
elmlərə - riyaziyyat, fizika, kimya, ədəbiyyat, astronomiya, məntiq - yiyələnirdilər.
Bütün digər
fundamental elm sahələrini qoynuna alan, sevə-sevə öyrənən və öyrədən
Kastaliyada tarix predmetinə heç cür yer tapılmır. Məmləkət üləmaları və tələbələr
yalnız İndi ilə, üfüqi kəsik – sinxroniya ilə maraqlanır, İndiyə qədərki yolu,
vertikal kəsiyi, qatlarla dərinə enən diaxroniyanı öyrənən Tarix –
Keçmişın kağız daşıyıcılara gömülən səsi
onların diqqətini çəkmir ki, çəkmir. Yalnız Papanın etimadını qazanmaqdan ötrü
xüsusi tapşırıqla monastra göndərilən Knext diplomatik missiyası ilə bahəm
ordakı monax, məşhur din alimi İakov atadan tarix dərsləri götürdükdən
sonra bu fənnin önəm səviyyəsinə
obyektiv qiymət verə bilmişdi.
Tarixlə bahəm
dini təlimə də tabu tətbiq olunurdu. Nə tarix fənni tədris olunur, nə də din
adına hər hansı bir iş aparılırdı.
Spesifik
pedaqoji ovsunlu təlim prosesində yüksək nəticələr əldə etmiş şagirdlər vilayətdə
saxlanılır, meditasiyanın sirrləri, müxtəlif pedaqoji metodikalarla tanış
edilir, ierarxiya pillələri ilə yüksəlib ali mərtəbələrə çatır və Orden
administrasiyasının sınanmış, etibarlı kadrlarına, magistrə çevrilirdilər.
Bilik, savad, zehni qabiliyyət və beyin imkanları ilə fərqlənə bilməyənlər isə yenidən öz valideynlərinə
qaytarılırdılar. Pedaqoji Şura və Oyun Magistri tərəfindən idarə olunan əyalətdə
heç bir pul sistemi işləmir, burda tədris alanların həyatı ölkənin başqa yerlərindəki
həmyaşıdlarının yaşam tərzindən kəskin fərqlənirdi. Bura bir növ kişi monastrı
sayıldığı üçün əks cinsin nümayəndələri ilə hər hansı əlaqə, əyləncəvi xarakterli
asudə vaxt proqramları yolverilməz idi. Burda yalnız oxumaq, öz üzərində işləmək,
çalışıb biliyini artırmaq olardı.
Kastaliya sakininin çata biləcəyi ən yüksək pillə Muncuq oyunu üzrə
magistr zirvəsinə yüksəlmək idi.
Kastaliya səyyarəsinin
əsrarı ürəklərə nüfuz edər, amma hər arzulayan çıxa bilməzdi ierarxiya pillələrini.
Qalxan o tək vahidlər isə daha ağır, müşkül, vacib vəzifələr, müvəkkillik
boyunduruğuna girər, sərbəstliyini tədricən itirib, məsuliyyət yükünü artırar,
iltizam çərçivəsində hərəkətə vadar edilərdilər.
Kutsal və
irfaninin monolit çapılmaz birliyi olan Kastaliya düşərgəsinin yaranma səbəblərini
ona qədər aktual olmuş alabəzək, yeknəsək, dəlisov “felyeton epoxası” müəyyənləşdirmişdi. Məhz həmin nizamsız dövrlərdə Muncuq oyunu Ordeninin təsisi ilə nəticələnən
mənəvi azadlıq hərəkatı vüsət aldı. Ali dəyərlərin təntənəsini yaşadan, bütün
eqoist, şəxsi mənafe duyğularını yüksək
ruhsallıq adına islah edən ölkə içində ölkə yaratmaq ehtiyacı əmələ gəldi.
Felyeton dönəmi – kilsə və dövlət himayəsindən çıxmış kütlənin çatdığı azadlığı
hara və necə xərcləyəcəyini bilmədiyi əyyam idi. Ağır yükə çevrilmiş azadlıqdan
sui-istifadə başlamışdı. Psevdointelligensiya üçün triumfal cığır açılmışdı. Bu
triumfatorlar heçnələri yüksək elm adına insanlara sırıyırdılar. “Kütləvi” mədəniyyət basıcı kütləviliyi ilə öz darısqallığını
boğmaq əzmindəydi.
Felyeton dönəmində
insanlar elm və incəsənətlə məşğul olmur, elm və incəsənət haqda boşboğazlıq
edirdilər. Ziyalı kəsim maddiyyat naminə əyləncəli xarakterli qrafomanlıq, sözgirliklə məşgul
idi. Elmdə profanasiya, ruhsal, zehinsal
yaradıcılıqda deqradasiya, sözün dəyərdən
düşüb inflyasiyaya uğraması, ideya qısırlığı, düşünən beyinlərin anabiozu
müşahidə olunurdu.
Hər cür
mental dəyərləri, incəsənət və zövq atributikasını tapdayan felyeton dönəmi –
burjua dünyasının dekadansı Kastaliya intellektuallar sığınacağının - heç kimsənin
heç nədən sığortalanmadığı bulanıq sulu dəryada tühaf oazisin yaranmasına gətirmişdi.
Bir növ Dekameron qaçınması kimi, amma əyləncələrə və yüngül ünsiyyətə yox,
elmlərə və ucalıq mütləqiyyətinə.
Incəsənətə,
elmlərə, irfani dəyərlərə, bilinc moduslarına düşmən kəsilmiş burjua cəmiyyətinin laqeyd baxışlarından
xilas etdiyi yüksək mənəviyyatlı mədəni
elitanı Hesse Kastaliya divarları
arasına almış, qəfəsdə də olsa onlara yaşam hüququ tanıtmışdı.
Əsərdə
Kastaliya pedaqoji əyaləti bütöv bir
orqanizm kimi canlandırılır qarşımızda, harda ki, Tequlyarius - xəstə
orqan, Knext – beyin və iradədir.
Beyin yüksək differensasiya, qaydalar və intizam əsasında bütöv strukturun işini göz
önündə saxlaya bilir və uğurla idarə edir.
Bu əyalətdə həyatı
tərk edənlər də “sağlam ölüm”lə ölürlər
– üzlərində sakit, xoşbəxt ifadə və təbəssüm cızaraq. Ölümün ali ruhsallığa
yüksəlmişlərin sifətini əyməyə gücü çatmır. Burda ölüm sprituallığın daha ötə fazasına keçiddir,
ağrısız-filan.
Zəkalar oyunu
Kütləvi
kültürün ictimai həyatında devalvasiyaya uğramış ruhsal dünyası dayanmadan tənəzzülə
tabe olurdu. Elə bu zaman orda-burda ara-sıra daxili qanunlara, intizam və
düzümə ehtiyac yaranmağa başladı. Və bu ehtiyacı ödəmə missiyasını daşıyan Oyun
ərsəyə gəldi. Ezoterik Ordenin əsas məqsədi
Oyunun qaydalarına yiyələnmə prosesində
insanlarda alicənablıq, nəciblik, işgüzarlıq və fədakarlığın tərbiyə
olunması, onların mənəvi inkişafının düzgün getməsinə nəzarətdən ibarət idi.
Sarkazm əsərin
adındadır. Hesse Kastaliya kimi eruditlər məkanının başlıca məşğuliyyətini hər
hansı bir yararlı fəaliyyət sahəsində yox, məhz oyunda görür – şüşə muncuq oyununda, yaşamın
boş oyuqlarını doldurmaq üçün insan zəkasının süni uydurmasında. Və bununla həyatın bütövlükdə bir performans olduğuna işarət
edir. Yəni bu referens sayəsində ikili ironiya sezilməkdədir, felyeton dövrünün bekarçılığından xilas
olunmuşlar özlərini oyuna xərcləyirlər.
Burada Oyun
müqəddəs eyləm və konfessiya səviyyəsinə yüksəldilmişdi. Belə ki, dünyəvi mədəniyyət
fenomenləri özünəməxsus esperantoya (beynəlxalq dil) çevrilirdi. Oyun ilk
çağlarda mental variabelliyi, kombinasiya qurmaq bacarığını, yaddaşı yoxlamaq və
gücləndirmək üçün zehni təmrin olub, musiqiçi tələbələr arasında xüsusi
populyarlıq qazanmışdı. İlk əvvəl muncuq
oyununu musiqiçilər əxz etmişdilər. Millər not xəttlərini, müxtəlif rəng və
formalı muncuqlar isə notlar səciyyəsini daşıyırdı. Muncuqları nazik millərə
düzərək not yazılarının, həmçinin tabulaturanın oxşarı alınmışdı. Beləliklə
musiqi iqtibaslarının muncuqların şüşə dili ilə verilməsi mümkün edilmişdi.
Musiqiçilərdən
sonra riyaziyyatçılar da oyun aurasına qapılmış və estafeti astronom,
bioloq, filoloqlara ötürmüşdülər. Təxminən
beşinci əsrdə qədim Yunanıstan, Roma və Çində tətbiq olunan hesab taxtası – abacus (çötkə) mexanikası məhz bu prinsipə əsaslanır. Bu, həndəsə, cəbr, Aristotelin məntiq bilgilərini vacib sayan xüsusi beyin intizamı
idi.
Daha sonra
muncuq əyləncəsinin bütün elm sahələri tərəfindən öz substratlarına ilhaqı baş
verdi. Klassik fiziologiya, məntiq, fizika və s.. Oyuna yiyələnən hər sahə onu
müəyyən qədər özününküləşdirir, şərti formullar, abbreviaturalar dili,
kombinasiya variabelliyi yaradırdı. Beləliklə,
müxtəlif elm sahələrini birləşdirən Oyunun xüsusi formul və işarələrdən
ibarət tabulatura misallı ezoterik simvolik dili meydana gəlməyə başladı.
Yaradıcı xislət
bu “əyləncəyə” vurğundur, çünki bu sərhədsizlik və dibsizlikdə fantaziya istənilən enə, uzuna, hündürə vüsət
ala bilir. Sırf sərt riyaziyyatdan qaçan
rəngkar özünü onun Oyunla sinergizmində, eklektik çalarlarda rahat tapa
bilirdi.
Ümumiləşmədə
Oyun - son dərəcə mürəkkəb konfiqurasiyalı, müxtəlif elm və incəsənət sahələri sintezindən yaranmış metadil əsasında
addımlar gedişidir. Dünya mədəniyyətinin obraz və ikonalarını bir araya gətirən
Kastaliya Oyunu məxsusi psixoanaliz seansı olub, azadlığın hər cür şərti
buxovlardan azad olduğu yeganə kreativlik
meydanıdır ki, burda iyrənc “üçün”
sözünü heç vaxt eşitməzsiniz. Kiminçünsə, nəyçünsə oynanılmır. Oyun zəkalar
yarışması, bilik, bacarıq, təcrübə nümayişi də deyil, sadəcə tam asudəliyin həzz
mənbəyidir, vəssalam.
Qul rəhbər
Baş qəhrəman -
uşaqlıq dövründən izlədiyimiz, daim çalışqanlıq və bacarığı ilə başqalarından seçilən, dönə-dönə əyalətin digər şəhərlərinə və hətta Benedikt
monastrına Vatikanda Kastaliyaya
qarşı tolerantlıq yaratmaqdan ötrü onun
etibar etdiyi insanla (İakov ata) təcrübə
mübadiləsi aparmaq amacıyla, dedlayn qoyulmayan limitsiz müddətə ezam olunmuş və orta yaşlarında ruhi mükəmməlliyə çatıb,
Orden rəhbərliyində məsul vəzifə tutmağa - əzəmliyə (Magistr) qədər yüksəlməyə
müvəffəq olmuş Yozef Knextdir.
Knext – qul
deməkdir. Məlum konteksdə oyunun qulu. Ali məqsədinə doğru irəlilədikcə biz də onunla birgə addımlayıb ruhi çevrilməsinin, mənəvi nəfisliyə
yetməsinin şahidi oluruq.
Bağ qəhrəman
seçilmişlərdən olduğu üçün quldur. Seçilmişlər daim xidmət etməlidir. Xidmət
edib, öz şəxsləri ilə nümunə göstərməli, işığı ilə işıqlandırmalıdırlar.
Ümumiyyətlə, Hesse üçün intelligent daim xidmətdə duran deməkdir.
Knext əsl rəhbər
idi. Magistr seçildikdən sonra təşkilatçılıq bacarığından geniş istifadə etmiş,
administrativ işdə yüksək səriştə nümayiş etdirərək təkcə Kastaliya və elitanı
yox, tək-tək fərdləri, köhnə dostu, ziyalı erudit, lakin infantil, mizantrop,
melanxolik Tequlyariusu da diqqət
xaricində buraxmamışdı. O, insanlardakı ən yaxşıya üz tutub, onu tərəf müqabili
etməyi bacarırdı. Özündən əvvəlki metr və əyalət rəhbərlərinin memuar və əlyazmaları,
stilistika tövsiyyələri ilə tanış olur, Oyuna dünya tarix və ədəbiyyatından
müxtəlif elementlər qatmaqla onu daha maraqlı və əsrarəngiz edirdi.Knext
üçün oyun müqəddəs bir şey idi. Onun məktubundan:
“Oyun kürə öz
mərkəzini əhatə etdiyi kimi səni dövrələyir, barındırır və ondan hər şeyi yenəcəyin
təsəvvürü ilə ayrılırsan. Kastaliya dünya içrə dünyadırsa, Oyun onun cövhəridir.
Və ətrafın xaotik təsadüfiliyindən harmoniya və simmetriya əxz edib öz gözəgörünməz
sərhədlərini cıza bilmişdi”.
Kastaliyaya
sadəcə dinləyici qismində gəlmiş, özünü Orden ilə heç bir üzvi irtibatla
bağlamayan, gələcəyini bu əyalət hasarları arasında görməyən, adi, yəni
proqnozlaşdırılmaz dünya adamı Plinio Dezinyorinin Knextlə dostlaşması baş qəhrəmanda
dünyanın bir tək onun sevimli Kastaliyasından ibarət olmadığı qənaətini
yaratmaqla onu əyalətiçi və əyalətçölü mühitlərin fərqinəvarmağa sövq edir,
görmə fokusunu genişləndirir, əyalətin daxili problemlərinə onun beş
addımlığından deyil, çəkilib daha uzaqdan nəzər salmasına kömək edir və həm də
... vaxtsız ölümünə səbəb olur. Dezinyori bu mənada ona ürək qızdırmış, bel
bağlamış, ümid bəsləmiş bu saf, kamil ruhlu xoşəməl adamın həm xilaskarı, həm də
dolayısı qatili olur.
Maraqlı və qəribə
orasıdır ki, Knextin ilk əvvəllər Əyalətin maraqlarının müdafiəçisi kimi çıxış
etdiyi polemikada rəqibi sayılacaq,
sonra isə yaxınlaşma meyli duyduğu , özünü dış dünyanın canişini elan edən ağıllı və praqmatik
ovqatlı Dezinyori heç də baş qəhrəmana gəldiyi yerləri sehrli nağıllar aləmi
qismində təqdim etmir, əksinə, bütün qondarmalarını ataraq, libasını sökərək,
maskasını yırtaraq olduğu kimi, hətta bir az palçığa bulaşmış, eybəcər təqdim
edir, reallığın hiperbolası qismində.. ki, qonağı burda onu gözləyəcək hər şeyə hazır olsun. Amma heyhat!, Knext elə bu eybəcərliyə
də vurulur, özü də vazkeçilməz passionarlıqla.
Fatal biryönlük
Kastaliya
monumental biliklər arxivi olmaqla hər cür novatorluqdan məhrum idi. Burada
yeni heç nə yaradılmır. Bu səhnədə yalnız köhnə motivlər oynanılır, tənha dahilər –
Tequlyariuslar yetişirdi. Burada
uzunmüddətli meditasiya seanslarından sonra
həyatın məhz bundan ibarət olduğunu düşünüb arxanı dünyaya çevirib
oturmaq olardı.., o bayır dünyaya ki, sənin yeməyini-içməyini, paltarını hazır
verir, mənəvi inkişafın üçün şərait yaradır. Savaşlar, müharibələr, siyasi
oyunlar, böhran, aclıq, rəzalət, əxlaqsızlıq, pislik – bütün bunlar Kastaliya
divarlarının o üzündə baş verirdi, içəridə
hər zaman sakitlik idi.
Hesse bu
aristokratlar kastası üçün (yaradılışdan yox, daxili aristokratiyaya
tapınmışlar) ürəkaçan proqnoz vermir. Onlar təcridilik səbəbindən ölümə məhkumdurlar.
Mükəmməl qurumun öz varlığını hifz edib saxlamaq inkanından məhrum olduğu üçün
yaşaması qeyri-mümkündür.
Müəllif
intellektual elitanın, yaradıcı ziyalı kütləsinin cəmiyyətdən izoləsini görmək
istəmit və əyaləti “ideal
kastaliyalı” adından tənqid edir. Knext
dövlətin gec-tez ziyalı köyünü “özünə rəva görə bilməyəcəyi lüks” elan
edib, onun maliyyə təminatını dayandıracağını qeyd edirdi.
Baş qəhrəmanda sakini və sonralar rəhbəri, istiqamətləndiricisi
olduğu bu əsfəh imperiyasının, intellektuallar məmləkətinin məhvə sürükləndiyini
sezdiyi andan onu xilas etmək, ali şəffaflıqdan çıxartmaq, quş baxışı
hündürlüyündən endirmək, sakral gözəgörünməzliyindən həyata qaytarmaq cuşu doğmuşdu.
Bunu vəzifə borcu kimi yox, həm də
yüksək missiyası kimi qəbul edirdi. Ölkə vətəndaşlarının pedaqoji əyalətin həyatına, varlığına marağının get-gedə sönməsi, onların illik oyun mərasimlərinə
az qatılması, həmçinin də Kastaliya düşünərlərinin ölkə taleyində rolunun və iştirakının öləziməsi, Əyalətin əvvəlki pedaqoji
missiyası – dış dünyaya yüksək əxlaqlı repetitorlar göndərilməsini yadırğayıb get-gedə özünə qapılması Knexti ağrıtmaya bilməzdi. O, üstlərinə
yeriyən bu ölüm kabusunu hələ tam görməsə
də addım səslərini eşidirdi artıq. Kastaliya sərvəri əyalətə elm, ürfan, savad
dalınca ölkədən göndərilən dinləyicilərin sayının ildən-ilə azalmasının,
Oyunçular qəsəbəsində bütün işlərin
yalnız əsfəh əhli - Valdsels
repetitorları, müdərrislər arasında düzüb-qoşma məcburiyyətinin acısını
yaşamamış deyildi. Ölkə alimlər vilayətinə marağını itirməkdə idi., bunun nə ilə
sonuclanacağını təxmin etmək çətin
deyildi. Buna görə Knext ümumi
administrativ işlərdən, mühazirələrdən,
arxiv, iclaslar, işgüzar səfərlər,
mütaliə və meditasiyadan qalan vaxtını yetkin ziyalılara deyil, aşağı siniflərə və yeniyetmələrə sərf etməyə
çalışırdı, kim ki, hələ tam kristal kastaliyalı sayıla bilməzdi, kim ki, hələ
ciyər dolusu əfkar aləminin havası ilə nəfəs alıb ətraf mühitdən tam təcrid
olmağa və deməli sosial yoxsullaşıb mədəni apofeoza – ruhi ucalığa çatmağa
macal tapmamışdı. Bu ümidverici təbəqə idi. Və Knext onlarla işləyib, bu təriqlə
Kastaliya ilə gen dünya arasında irtibat
yaratmaq ustəyirdi. Platonun dialoqu,
Henrix İsaakın xor passajları ilə qidalanan qatı sakinlərin rigid beyni
dışarının kolliziya, böhran və çaxnaşmalarını, səfalət və rəzalətini, ləzzət və
şəhvətini yenəsi və qəbul edəsi deyildi. Bunlar beyin infeksiyasına dönüb məhv
edərdi mücadilə, mübarizə və ehtiyac
tanımayan istixana adamlarını.
Bunlar
Kastaliyanın sütunları, rüknü idi və onları başqa məcraya döndərmək özləriyçün
didaktikləşdirdikləri məntiq, ziya klerikalizminə uyuşmayan dəyərləri qəbul
etdirmək mümkün görünmürdü. Ümid balacalaraydı.
Çox əfsus,
bütün bu dəyərli və lazımlı işlərə baxmayaraq Kastaliya üçün əvəzedilməz bir
müqəddəsə çevrilmiş Knexti daha bir duyğu zəhərləyir, gecə-gündüz daxilini
didib-dağıdır, rahatlıq vermirdi – azadlıq eşqi, qurtulmaq meyli... Və işləri,
vəzifələri artdıqca bu hiss də durmadan boy atır, qabarır, bir tədbir tökməyə
çağırırdı... Bir çox ali insani keyfiyyətlərin təcəlla tapdığı vicdanlı, işgüzar,
enerjili Knext Kastaliyadakı yarımşəffaf
həyatı ilə qane ola bilmirdi..
Dezinyori –
onu işıqlı dünyaya (ya bəlkə qaranlıq) aparacaq, ona rəhnümalıq (bələdçilik) edəcək dost/düşməni
ilə görüş də belə bir simvolik günəş/kölgə
cərgələnməsi fonunda baş
vermişdi. Əhvalında da eynən belə binarlıq
hiss olunurdu – dostuyla görüşün sevinci onun tanınmaz dəyişilməsindən
duyduğu kədərə qoşulmuşdu. Bir vaxt Kastalıyada
dinləyici simasında dərs almış
Plinio Dezinyori evə döndükdən sonra iki dünyagörüş, iki müxtəlif baxış bucağı,
antaqonizmlər arasında qalmış, dışarı dünyanı Kastaliyaya, Kastaliyanı dışarı dünyaya daşıya bilməmiş, hətta öz şəxsində də bu iki
dünyanı barışdırmaqda fiaskoya uğramış,
bu sirayətsizlikdən ruh düşkünlüyünə qapılmış, fiziksəlliklə ruhsallığın bir
arada birləşməyəcəyini dərk edincə susub oturmuşdu.
Və nəhayət,
Knextə sanki müqəssirmiş kimi yağdırılan qəzəbli tirada:
“Siz pedant
infantillər! Burda, bu yarımçıq, dəhşətlərdən, iğtişaşdan, kəsafətdən,
günahlardan, şəhvətdən xali, aclıqdan, ailə-övlad qayğılarından, qadınlardan,
sevilməkdən, atılmaqdan, əzablardan xəbərsiz illüzor dünyanızda xədim həyatı
yaşamaqdasız. Nədən xəbəriniz var sizin?! Cinsi həyat eşqinizi meditasiya cilovlayır, iqtisadiyyat, ədliyyə,
siyasət kimi riskli və məsuliyyətli işlərdən uzaqsız, yalnız özünüzlə məşğulsunuz,
dünyadan bixəbər, şən şaqraq, stabil, bohem əhvalında yeyib-yatıb kitab
oxuyursunuz gün uzunu, musiqi dinləyirsiniz. Məişət qayğılarıyla uğraşmır,
xırdalıqlara varmırsız. Dövlət tərəfindən müdafiə və tam təmin olunursunuz. Siz
burda parazit həyat tərzi sürüb elmin dərinliklərinə baş vurub, hansısa məşhur
poemada saitlərlə samitləri sayıb
onlarla kosmik proseslər arasında əlaqə var-yoxdunu aşkara çıxarıb muncuqlarla
oynadığınız zaman insanlar orda, dünya çamurunda əsl həyatı dadır, qaraları,
qadağaları, acıları, bəlaları ilə bahəm.., sizin burda rahat musiqi ifa etmənizçün o orda qan-tər içində çabalayır.
Sizlər!,
özündənrazı Kastaliya sakinləri!.. öz əyalətinizin fövqündə nələr yaşandığını eyninizə belə almadan, öz
minimal məsrəflərinizi belə ödəməyi düşünmədən, sizin burda firavan, qayğısız
yaşamanız üçün əziyyət çəkən kütlədən, onun ehtiyac və tələblərindən tam xəbərsiz asudə yaşayırsınız.
Parazıtliyinizə rəgmən sizin üçün bu asudəliyi yaradan başqalarına yuxarıdan
aşağı baxmağı da özünüzə ar bilmirsiz!”
(Burda
T.Mannın Adrian Leverkün obrazı ilə
analogiya gözə dəyir. Ziyalı və intellektualın təcrid və özünəqapanmağa haqqı
varmı? Hesse öz əsərini təkrarsızlığını yəqin etmiş T.Manna göndərəndə, o çox
mütəəssir olub bu sözləri yazmışdı: “tək olmadığını öyrənmək çox sıxıcı...”
Mann qəlbi eyni problemlərə açıq olan mənəvi qardaşını tapmışdı.)
Yuxarıdakılar
Knextin dostunun dilindən səslənsə də, əslində sözlərə geyindirilmiş öz fikirləri
idi, ona görə də hədəfə dəydi və onun fərariliyi, bidəti üçün ilk təkan verdi.
Onunla sonrakı görüşlərində Kastaliya rəhbəri oturuşmuş sakit, rəvan həyat tərzinin
altını üstünə çevirib qaranlığa, məchula sıçrayış qərarında daha da təsdiqlənir.
Fərarilik
Inam və şübhə əlbəyaxa yox, əl-ələdir, tənəffüs
aktının vermə-alma polyusları kimi bir-birini şərtləndirmədə.
Uzun müddət
daxilində qaçış planı bəsləyən Knext Orden Nizamnaməsini diqqətlə oxuyub belə nəticəyə gəlir ki, getməsi
heç də ona əvvəldə göründüyü kimi mümkünsüz iş deyilmiş. Orden üzvünün onu tərk etmə hüququ var, sadəcə
ona qədər belə bir hərəkət heç kəsin ağlına gəlməmişdi.
Nəhayət, qərar
qəbul olunur. Kastaliyanın Muncuq oyunu mübhəm qədər oyunu ilə əvəzlənir. Amma
birincidə yüksək səriştəliliyi ilə fərqlənən oyunçu ikincidə oyun şərtlərini bilmədiyindən simar olur.
Məktub və ərizə
hazırlanıb Adminisrtasiyaya təqdim olunur. Rəhbərliyin təlaşına səbəb olan,
çoxlarının inanmadığı, bəzilərindəsə hətta
göz yaşları doğuran bu sənədlərdə getmə səbəbi kimi yuxarılarda qeyd edilən
Əyalətın məhvə sürüklənməsi riski, mükəmməlliyin yüksək pilləsinə çatdığından hər
hansı bir inkişafın, tərəqqinin mümkünsüzlüyü , ölkənin ona qarşı marağının
soyuması, çağdaş səksəkəli narahat siyasi durumda müharibə başlarsa ilk növbədə dövlətin büdcəyə
baha başa gələn Kastaliyadan əl çəkəcəyi gümanı vurğulanmışdı.
Deməli, ölkənin
intellektual ziyalı bazasını təşkil edən elitar təlim-tədris ocağını kövrək
dayaqlar üstdə dayandığı üçün müdafiə yox, məhv etmək lazım gəlirdi...
Hər halda sərvərin
məktub/ərizəsindən belə qənaət hasil olurdu və eyni qənaət yekdilliklə olmasa
da əksər aparat üzvlərində doğmuş da təpgiyə tuş gəlmişdi. Bir qisim isə belə
bir təhlükənin yerli-dibli olmadığını, “memento mori”nin daim göz önündə
saxlanılması gərəksə də bütün Ordenə, özü də belə məsul şəxs, Kastaliya yetirməsi
tərəfindən ölüm hökmü çıxarılmasının absurdluğunu qeyd etmiş, bunu panika, məktub
sahibinin əsassız uydurması saymış, yorğunluqla əlaqələndirmiş, hətta ona
uzunmüddətli məzuniyyət təklif etmişdi.
Bu, görünməmiş bir addım idi və rəhbərliyin Knextin şəxsinə böyük ehtiram və rəğbətindən
irəli gəlirdi. İstənilən halda sərvər razı olmamış, bütün qalmaq təkliflərini,
güzəştləri rədd etmişdi.
Azadlıq
yanğısı güclü idi...
Bir də Yozef
Knextin hələ burada tələbəlik dönəmində yazdığı bir “sərhədləri aşmaq” şeri var idi... deviant məfkurəsi... hansı
ki, illər sonra birdən yadına düşüb, gecələr yuxusunu ərşə çəkmışdı...
Bir də “hər
başlanğıcda tilsim gizlənib” kimi bir
dünyaduyumu var idi, hansı ki, o şerdə
misralanıb təcəlla bulmuşdu. Başlanğıc qurtardıqda tilsim də bitirdi. Və bu sonayetimə
protest gözlənilən idi.
Bir də ...
uzaqlardan uzaqlara, üfüqlərdən üfüqlərə uçuş,
ucalma, yüksəlmə, yüyürmə çağırışı vardı...
Bir də ....
“Pillələr” adlı bir həyat prinsipi vardı (ama hara) ...
“Nə olursa
olsun! Heç nə üçün təəssüflənməməli!” düşüncəsi ilə nafiləlik uçurumana atılan
Knexti əsl kastaliyalı saymaq olarmı? Rigid, birtərəfli Kastaliya tərbiyəsinə nə
dərəcədə cavab verir bunca idarəolunmaz
xislət çarpazları? Knext Kastaliyaya mənsub deyildi, müzəffəriyyət çələngini
uğurla daşımasına rəğmən! O sərt
üsuli-idarə onu heç zaman özününküləşdirə bilməmişdi. Yüksək ranq sahibi, Əyalət
fəxri elə adi dünya adamı olaraq da qalmışdı.
Psixologiyasını saran dəyişiklik
mənəvi evrimə daim açıq qəlbinə nüfuz edə bilməmişdi.
Yeni dünyada
iş tapmaqla bağlı dostu Dezinyoriyə müraciəti:
“Ali tədris
ocağı istəmirəm, məni yenidən kanonizə olunmuş mexaniki aparata qovacaq. Mənə
yaradıcı iş lazımdır. Tərbiyəçi peşəsi. Bir ya bir neçə şagirdim olsa bəsimdir.
Quvernantlıq da uyarlıdır.”
....
Kastaliya Magistrindən azyaşlı uşaqların tərbiyəçisinə... bu artıq başaşağı
çevrilmiş ierarxiya nərdivanıdır.
Bilinc
ikonasının, bu yüksək rütbəli, həyatın keşməkeşindən ayaqyalın keçən, dağın
döşündən zirvəsinə addım-addım irəliləmiş saf, duyğusal zəka sahibini,
Kastaliya şahzadəsini belə bir addımı atmağa vadar edən doğrudanmı daxilindəki
azadlıq təşnəsi idi? Yəni onu yatırtmağa
“su” tapılmadımı? Knext mütləqmi
boğulmalı idi soyuq dağ gölündə? Boğulmalıydı ki, susuzluğu yata?.. Doğrudanmı
zirvədən yol ancaq aşağıyadır?
Doğrudanmı müəyyən həddə çatan sistem özünü məhv etmə mexanizmini qoşub
öz əleyhinə çevrilməlidir? Hər halda bu çür sonluq güman ki, müəllifin
naçarlıqdan əl atdığı fənd kimi düşünülməyib.
Knextin son dərəcə
dolğun həyat yolunda iki əsas meyl vizuallaşır. Bunlar onun həyatının İn-Yan tərəfləridir.
Onlardan biri – qorumaq, artıqmaq, sədaqətlə xidmət etməl, ierarxiyaya və onun
implisit kanonlarına boyun əymək,
irfani-mütəməddin səciyyələrini şəxsində əks etdirmək; digəri isə oyanmaq, ayılmaq, baş qaldırmaq,
asi olub paralel olum müstəvisini də kəşf etmək. Bu, bir daxildə iki canatım
meyli - iki dünya proyeksiyası idi. Burda yığım və saxlayış, orda unudum və
azadlıq. İkinci paralleldə onu iflas gözləyirdi.
Yad məkanın əhvalpürşanlığı
Üləmalar
köyündəki nəşvünümadan sonra dağ gölünün
buz sularına qərq olub ölümünü
tapmaq..., elə ilk addımlarda, hal-əhvaldan sonra..
Kastaliya
qısqacları ilə tutub buraxmadı öz övladını, nə də dağlar qəbul etdi.
Ata-anasının əziz-xələfi
olan şıltaq, ərköyün yeniyetmənin, öz şagirdinin axmaq bir təklifinə ləbbeyk
deyib onun ardınca buz kimi soyuq gölə cumdu. Yenicə qədəm basdığı dağlıq zona
təbiətinə hələ uyğunlaşma fürsəti bulmadığından səhər erkən qan təzyiqinin
qalxmasına və gecə həyəcandan gözünə yuxu getməməsi üzündən vəziyyətinin
qeyri-normal sayılmasına rəğmən. 50 yaşlı zəka sahibinin, Kastaliya pələnginin
ehtiyatsız hərəkəti və ucuz mənasız ölümü... Əslində onun ölümü səhər çağı göl sahilində
yox, Əyalətdən getməyə qərar verdiyi
andan başlamışdı, göldə başa çatdı sadəcə. Kastaliyanın təkfiri qənaətini
ortaya qoyurkən məhvinə fərman imzalamışdı zatən.
“- İlahi, belə
çıxır, onun ölümündə mənəm müqəssir?..
Artıq
qarşısında ərköyünlük edəsi birinin olmadığını anlayan yeniyetmə şıltaq ədalarını
yerə qoyub düşündü, qüssəyə bənzər bir şey bürüdü balaca qəlbini. Az müddətə
isinişməyə macal tapdığı bu saf, böyük, xeyirxah adamın mənasız və vaxtsız ölümündə təqsirini anladıqca tir-tir əsir, daxilinə
günahını dərk etmənin bütün gələcək həyatını dəyişdirmək gücündə olması hissi
dolurdu.”
Yəni Knext öz
anı ölümü ilə də pedaqoji missiyasını yerinə yetirmiş sayılır, sadəcə bəlkə də
bir neçə ilə aparacağı tərbiyə prosesi sayılacaq dəqiqələrdə baş tutur.
Fəhm və iradə,
insan böyüklüyü, qəlb genişliyi, istənilən anda özündən dəfələrlə kiçiyin səviyyəsinə
enmə sərbəstliyi ilə yanaşı həm də səfehcəsinə
tovlanmaya imkan verməmək üçün bir özünəsayqı ehiva etməli idi, zənnimcə.
(Yazıya
emosiyalarımı qatmaq soblaznından nə qədər uzaq durmağa çalışsam da bəzi məqamlarda
bu mənə az müyəssər oldu..)
Niyə?
Baş qəhrəmanın
həyatının yad dünyanın basdağına tuş gəlib belə fəci sonluqla bitməsi nəyə işarədir?
Hesse bununla
nə demək istəmişdi? Nə cür yorumlamalı?
İzolə
olunmuşlara geniş dünyada yaşam hüququ
tanıtmağın mənasızlığımı vurğulanır? Hər kəsin öz stixiyasında yararlı
olduğunu göstərməkdimi məqsəd? Baş qəhrəmanın adi yaşam arealında uğursuzluğunu
hər hansı bir situasiyada uğrayacağı fiasko ilə sərgiləmək caiz deyildimi? Niyə
özünü sınama imkanı tanıdılmadan aradan çıxarıldı?
Burda da
ironiya var (muncuq ironiyasından sonra sayca ikinci). Kastaliyanın adı çeşmədən
götürülüb. Və o “Su”dan qaçsa da yenə də suya gömüldü.
Əsər bir növ
“yad sularda” boğulmama üçün tövsiyyə sayıla bilərmi? İnsanın maksimum fayda və
xeyir gətirə biləcəyi yerdə qalmağa borclu olduğunumu deyir müəllif? Beytinlik
hər zamanmı alqışlanılasıdı? Yorulma, usanma, darıxma, xəyal qırıqlığına iftadəlik olan nə varsa hər şeyi qırıb qaçmaq üçün kifayət
əsasmı? Qoyub gedilənlər insanın arxasınca gəlməzmi, yaxasından yapışıb
ayağından çəkməzmi? “Sıxır, çıxarım atım” deyib magistr mantiyasını soyunan qəhrəman
onunla bahəm qanadlarını da (konteksdə üzgəclərini) itirmədimi? Kitab, demək
olar, həm də psixoloji dolğunluğun dalğınlığa keçmə məqamından bəhs edir.
Həyat hekayələri
Əsər Knextin
vaxtilə yazmış olduğu üç hekayə ilə bitir. Hər üç hekayənin qəhrəmanının adı
qul mənasını verir. Hər üç hekayədə qulun
öz stixiyasında qalıb-qalmaması, xidmət edib-etməməsi məsələsi qoyulub.
Yazılar özünü qurban vermək, qulluğa davam və iki yol ayrıcında qalırkən yenə də
öz “Kastalıyasına” qayıtma üzrə müxtəlif finallarla başa çatır. Amma heç bir
hekayədə yeniyə qucaq açmaq, naməlum yamaclara atılmaq, məchul zirvələrə
dırmanmaq ehtirası yox...