Mutant
Rusiyada həyatdan
dəhşətli dərəcədə uzaq iki ədəbiyyatın:
1. az oxunan
akademik nəsr və qalın jurnal nəzminin
2. parlaq
üzlüklü, həyatı unutmaq üçün, daha sonra isə oxuduğunu unutmaq üçün oxunulan
detektiv-amur janrının
olduğunu bəyan
edən ədəbiyyat araşdırıcıları üçüncünün, bunlardan bu və ya digər dərəcədə fərqli
ortaq variantın fatal axtarışındaydılar.
Oxucuların əsas
kütləsinin üstünlük verdiyi ikinci janra
– elastik, əsəb sakitləşdirən saqqıza ehtiyac daim olub və olacaq. Çünki hər
insan düşünmək istəmir. Amma hər insan
unutmaq istəyir. Sadəcə saqqız mənəvi aclığın indemniteti (1) baxımından işə yaramır və yaramayıb heç vədə.
Bəs necə olsun?
Beləliklə,
mutantlar yetişməyə başladı. Mutantlar ümumiyyətlə həmişə onlara ehtiyac
duyulduğunda yaranar, çağırılmadan, səbəbsiz-şərtsiz gələn mutant yoxdur.
Fransız tədqiqatçısı
Elen Mela Eks-an-Provans şəhərində
keçirilən konfransda Viktor Pelevini mutant yazıçı adlandırmışdı. Pelevinin
yazılarındakı kalambur həftəbecərlər idi bu adı yazara qazandıran. Və onu
oxudular, böyük oxucu kütləsinin marağına səbəb ola bildi. İnsanlar akademik
prozadan, klassik poeziyadan doymuşdularmı? Hər şeydən bezikmiş kütlə sadəcə
boşluqmu axtarırdı?.. Bu boşluğun parolunu tapdığına görəmi sevinib sidq-ürəklə
ona bağlandılar? Hər halda Pelevin çoxdan bəri gözləniləni, axtarılanı, tələbat
duyulanı təklif etməsəydi oxunmazdı.
Postmodernist yazıçı və tənqid
Rus
yazıçılarının öz yaradıcılığında yeni diskurs formalaşdırmasına tələbat bir
sıra zəminlər üzərində yaranmışdı. Bir tərəfdən iqtisadi stabilləşmə şəraitində “manere in superficie” (2) taktikasını həyata
keçirtmək üçün parlaq qlamurla pardaqlanmış yazılar yazmaq, digər tərəfdən ədəbiyyatın
kommersiyalaşıb biznesə çevrilməsi təhlükəsi ilə üz-üzə qaldığı məqamda bu təhdidin
onların ədəbi karyerasını bütövlükdə silməməsi üçün nəyin bahasına olursa olsun
öz professional pafoslarının qorunub saxlanılmasına nail olmaq.
Bu iki polyar
vəzifənin görüşdüyü müstəvi “postmodernizm” adlanır. Söhbət çoxvergüllü və ya
tam vergülsüz postmodernizmdən yox, U.Ekonun klassik “ironik və ilgili”
formulundan gedir. Yəni snobik mahiyyətli ali intellektual ironizmlə
rentabelli, ilgi çəkən fabulanın uğurlu evləndirilməsiydi əsas məsələ.
Adı çəkilən cərəyanın
qabaqcıl simalarından olan Viktor P. oyununa alternativ tanımayan oyunçudur. Həyat
da oyundur və o həyatı yazan puzzle yığıcısıdır sanki.
Ədəbiyyata
kriminal-detektiv proza, yumoristik janr, sentimental qadın romanları və s.
kimi sahələrdən biri sayılan elmi fantastikanın qanadlarında gəlmiş
Pelevin 1993-cü ildə “Göy fənər”
fantastik hekayələr müntəxəbatına görə kiçik buker ödülünə layiq
görülmüş və bir neçə araşdırıcı tərəfindən rus ədəbiyyatında yeni istiqamət
açmağa qadir biri kimi təqdim olunmuşdu. Tənqidçilər həm də onu qeyd etmişlər
ki, sadalanan həmən o utilitar bayağı janrların iki şərt daxilində - iti, kəsərli,
individual, kənar təsirlərdən azad dil və zəngin orijinal daxili aləmin varlığı
şəraitində ayrı-ayrı söz mastodontlarının qələmi ilə ali ədəbiyyat zirvəsinə
yüksələ bilməsi mümkündür. Çox güman, bu tərif-rəmldən Pelevinin də payına müəyyən
qədər düşmüşdü. Yoxsa ədəbiyyat məbədgahına qaçaraq girmək və A.Nemzer,
A.Arxangelski kimi tənqidçilərin onu daim çıxışa doğru sıxışdırmasına rəğmən
orda, özü də mehraba yaxın yerdə qalmaq mümkün olmazdı.
80-ci illərin
sonlarında onun hekayələr kitabının çox qısa bir müddətdə satılmasına
baxmayaraq müəllif ciddi tənqidin diqqət mərkəzinə gələ bilməmişdi. Bütün sovet
kosmonavtikasının möhtəşəm və qanlı bir oyuna tay tutulduğu, texniki uğurların
üstündən xətt çəkən “Omon Ra” povestinin məşhur bir jurnalda dərcindən sonra tənqidin
diqqəti ağır-ağır Pelavinə doğru yönəldi.
Tənqid onun
primitiv sintaksisini, ədəbi dili bilməməsini, jarqon, slenq, arqotizmlərdən
geninə-boluna istifadəsini irad tutur adətən.
Amma oxucu oxuyur. Oxucuya gözəl, qüsursuz, rəvan dil, səlis məntiq, ədəbi incələmələr
lazım deyil.
Pelevin
yaradıcılığı ilə bağlı “Supreme (3) ədəbiyyat bu sayaqlamalarla duelə çağırılıb” deyə həyəcan təbili çalanlar da yox
deyildi.
Bəzi ədəbiyyatşünasların
fikrincə Pelevin ümumiyyətlə yazmağı bacarmır, qocaman roman janrının siqləti
onun çiyinləri üçün dözülməz yükdür və onun işlək üzvi janrı – müxtəlif
dünyaların, epoxaların üst-üstə qalandığı, kontrast reallıqlar qovşağında
permanent oyun gedən paradoksal
novelladır. Onun ən məşhur novellası cinsini dəyişib küçə qadını olmuş keçmiş
partiya işçilərindən bəhs edən “Mittelşpil”dir.
Tədqiqatçılar Pelevin yaradıcılığının elə küllülükdə bu qisim mittelşpillərdən,
yəni ortada qalanlardan, qeyri-müəyyən və alternativsiz çeburaşka və
pokemonlardan ibarət olduğunu söyləyirlər.
Bəziləri “Çapayev və Boşluq” romanını (1996) “Cinayət və cəza”nın ideya davamı, bir
başqaları isə Dostoyevski klassisizminə lağ kimi qiymətləndirirlər.
Öz əsəri
haqda müəllif belə söyləmiş: “Çapayev” – dünya ədəbiyyatında ilk romandır ki,
hadisələr tam Boşluqda cərəyan edir.
“Generation
P” (1999) romanının adı bir çox mübahisələrə
səbəb olmuşdu. Pepsiyə (P) üstünlük verən nəsilmi, müəllif soyadının
reprezentəsimi və ya məlum arqotizmə işarət? Romanın sonluğu – “Müəllifin
fikirləri onun nəzər nöqtəsi ilə üst-üstə düşməyə bilər” zarafatında həqiqət
yox, məhz zarafat payı var və hardasa
S.Eji Letsin “Həqiqətdə heç bir şey əslində olduğu kimi deyil” deyimini
xatırladır.
Sözü gedən
yazıçının əsərlərində sosial tənqid, kommunist ideologiyasının, postsovet
reallığının, yüksək mənəvi dəyərlərini itirmiş müasir istehlakçılar cəmiyyətinin
(Erix Fromm “alım ya olum?” dilemması)
ifşası ümdə yerlərdən birini tutur. Bəlkə bu səbəbdəndir ki, qəbul olunur və
sevilir.
5-6 il əvvəl
New Yorker jurnalı Viktor P.-ni Avropanın ən yaxşı 6 yazıçısı siyahisinə daxil
etmişdi. Onsuz da populyarlığın pik nöqtəsinə çatmış antikommunist pafoslu
yazıçının şöhrətinə bu faktın elə bir təsiri olmadı.
Popmetafizika
Onun
sememalarının, implisit (4) mesajlarının
məğzini anlamaq üçün bir sıra spesifik mövzu və problemlərdən hali
olmalısan, mətnləri oxucu intellekti və erudisiyasına tələblər irəli sürür, müəyyən hazırlıq istəyir.
Janrı “popmetafizika” adlandırılmış, mütaliəsi krossvord həllini
xatırladan, reministensiya, allüziya, sitat və analogiyalarla bol, fəlsəfi
traktatlar, klassik folklordan da xali olmayan mətnləri anlamaq üçün Pelevin
kriptoqrammının (5) açarına yiyələnmək
lazımdır.
Kollaj,
kaleydoskop və pazl paradiqmalarından istifadə edən, daim qəribə rakurs və həyatı
oxumaq üçün yeni linza, orijinal yanaşma və simvolizə metodu tapan müəllifin fantaziyanın harda reallığa adladığı məlum
olmayan əsərlərində ciddiliyin boynuna
düşmüş yumor dölü yazının tərətdiyi ümumi ağırlığı azaldır.
Bəzən bütün
kartları açan, bəzən isə açıq kinayə pəncərəsinə yüngül sarkazm pərdəsi çəkən
müəllifin qurduğu , intellektual cələlərlə dolu və proqnozlaşdırılması mümkün
olmayan süjet xətti dəli virajlarla oxucunu hey qovub aparır...
Akademik
yönümlüdür, ekzistensionallıqdan uzaq olduğuna görə fərd axtarışı ilə məşğul
deyil, onun mütləq buddizm nəzəriyyəsi subyekt psixologizmindən azaddır. Qotika və erotikaya həssas Pelevinin mətnlərində
yaşamaq olmur, qotik soyuqluq, məhzun vahimə və fatal uzaqlıq süzülür onlardan.
Bu mətnlər burlesk, vodevil (6) təmsillidir, gülüş elə dodağınızdaca donacaq,
zahiri bir yüngüllük törədəcək., əsli, məğzi, platosu isə ağır və ciddidir.
Pelevin
parodiyası mübahisələrə səbəb olan bir sabjdır. Tənqidçilərin “Alı və müqəddəsə parodiya etmək olmaz”
(7) təhdidinə qarşı tərəfdarlarının
“Parodiya yalanı, surroqatı, erzatsı söndürə bilər, həqiqi və autentik (8) aliliyi ancaq təsdiq edəcək” cavabı səsləndirilir.
Əgər
buddizmin flaqman ideyasını “faneron
(bizi əhatə edən fenomenal dünya – Çarlz Pirs)
- mənim təəssüratımdan, idrakımın təklif etdiyi qavrama variantından
qeyri bir şey deyildir” kimi qəbul etsək,
qavranılan dünyanın təlqinlərdən və total simulyakrdan (9) ibarət olduğunu bəyan
edən Pelevinin parolunu deşifrə etmiş oluruq.
Personaj və oxucuları
Onun qəhrəmanları
tarixi kataklizmlər dönəmində, ağır vəziyyətlərdə özünü, kimliyini tanımağa məcbur
qalmış şəxslərdir. Ümumiyyətlə o, insana bir introspeksiya (10) fürsəti yaratma
şansından yararlanan və bundan həzz duyan bir müəllifdir.
Onun
postsovet insanı boşluqlarda itmiş insandır. Çox vaxt qəhrəmanları heç insan da
deyil – həşərat, heyvan, vurdalak, vampirdir. Bu, tarix, mənəviyyat və mədəniyyətin
civarında duran, ontoloji uçurumun qırağına sürüklənmiş postinsan obrazıdır.
O irəliyə səsləmir,
irəlidə uçurumdur. Daxilə baxışa, introversiyaya, refleksiyaya çağırır, yenilməyən
dəyərlərə qayıdışı təklif edir.
Pelevinin əsas
oxucu auditoriyasını kişilər təşkil etməsi faktını (“Playboy” jurnalının pərəstişkarları
istisna olmadan) yazarın kifayət qədər
brutallığı (11) və ya belə görünmək istəyi ilə izah edirlər. İntrovert
Pelevinin personajlarının da böyük əksəri kişilərdir.
Fərd ya müəlliflər ştatı
Pelevin real
olaraq var və eyni zamanda yoxdur. Milyonlarçun o yoxdur. İntervü vermir
(“Playboy” üçün bir dəfə istisna edib), şəkil çəkdirməkdən, kamera qarşısında
durmaqdan zəhləsi gedir, səsi daim kadr
arxasından gəlir, mükafat təqdimatlarına, müxtəlif mərasimlərə qatılmır,
virtual ünsiyyəti üstün tutur və göründüyündə gözlərini eynəyinin qara şüşələri
arxasında gizləyir.
Bir vaxtlar hətta
Pelevinin varlığı bəzi mənbələr tərəfindən şübhə altına alınmışdı. Məsələn,
Aleksandr Qordon Homer, Kozma Prutkov kimi Pelevinin də adı altında bir deyil,
bir neçə nəfərin durduğu ehtimalını irəli
sürmüşdü. Yəni Pelevin fərd yox, brenddir,
müəlliflərin müştərək əməyinin
simbiotik nəticəsidir.
Bütün bu
deyilənlərə rəğmən real Pelevini görənlər, tanıyanlar var. Və onun uzun müddət
buddist məbədlərində zahid həyatı sürməsi
kitablarının satışı ilə bağlı maliyyə məsələlərini yüksək praktiklik
nümayişi ilə şəxsən və bilavasitə yoluna qoymasına heç də əngəl törətmir.
Real Pelevin
bir müddət “Elm və din” jurnalında
çalışmış, iyirminci əsrin ən yaxşı yazıçısı və dahi mistiki saydığı
Kastanedanın kitablarının tərcümələrini redaktə etmiş, Nepala, Tibetə səyahət
etmiş, Cənubi Koreyadakı buddist monastırında uzun müddət yaşamış,Yaponiyada
rus ədəbiyyatından dərs demişdir.
Kimdir?
O, çağımızın
dəbdə olan mövzularını vaxtında sezmiş qrafomandımı, elə həmən dəbi özü də diktə
edən kult yazarıdımı ya fəlsəfi və dini təfəkkürün inkişaf meyllərindən agah
mütəfəkkir?
Əslində
ziddiyyətli dövrümüzün simvoludur, antinomiyaları bir araya gətirməyi bacaran,
alini bəsitə, bəsiti aliyə qatıb-qarışdıran, elitarla kütləviliyi calaq edən,
ruhsal olanla ticarini bir müstəvidə görüşdürən, cismaniylə astralı birləşdirməyə
müvəffəq olan biri.
Pelevin
paradoksdur. Kütləviliyin qatı düşməni olmasına baxmayaraq ən çox çap olunan
yazardır. Müasir mifləri tənqid atəşinə tutması özünün yeni mifologiya
yaratmasına qətiyyən mane olmur.
Pelevin
testdir deyirlər, onu oxuyarkən intellektual daha da ağıllanır, səfeh qalan
ağlını da itirir., eynən Bulqakovun “Master və Marqarita”sı kimi. Kimini imana
gətirmiş, kimidə prostrasiya (12)
yaratmışdı.
O – həyatın hər
isti-soyuğundan, türlü dönəmindən, həm mədəniyyət-estetikasından, cəmən hər bir
şeydən yorulub usanıb sadəcə boşluğun ortasında oturmaq istəyənlərin paroludur.
Və əsrin əvvəllərində oxşar stixiyaların identifikasiyası üçün Blokun onlara
qondardığı “boşluğun ruhu” nominasiyasını ona da aid etmək olar.
Küylü yüksək
epitetlər sahibi göz yaşlarına boğulmuş gülüşü, qara yumoru ilə birlikdə
romantikdir. Onu Qoqol və Bulqakovun davamçısı kimi görənlər də var.
Oxucular
oxuyur, tənqidçilər tənqid edir, yazıçılar həsəd aparır. Onu xoşbəxt adam hesab
etmək olar. Görəsən özü də belə düşünürmü?
Heç bir şey
ifadə etməyən laqeyd sifətini tamamlayan, adətən çıxartmadığı qara eynəyi,
nadir hallarda dodaqlarında güclə sezilən Voland təbəssümü sanki o dünyadan təşrif
buyurduğunu bildirən hündür, boy-buxunlu, kifayət qədər özünə əmin Pelevin..
----------------------------------
1 – kompensasiya
2 – batmayıb
üzdə qalmaq
3 – ali, yüksək
4 – gizli
5 – gizli mətn
6 – ciddi məzmunun
komik yöndə verilməsi
7 – “om mani
padme xum” mantrasının eybəcərləşdirilməsi
8 – orijinal
9 – əsli olmayan surət
10 – özünümüşahidə
11 – maskulinizm
12 – çaşqınlıq