Heç nə bilməyənin yanlış anlanılmaq qorxusu yox.
Amerika
riyaziyyatçısı, elm populyarizatoru
M.Qardnerin “Mən niyə solipsist
deyiləm” adlı məqaləsi bu mövzu ilə bağlı uzun zamandan bəri beynimdə dolaşan fikirlərin
kağıza köçürülməsinə və bu xüsusda şüurun ayrı-ayrı aspektlərinin müəyyən bir fəlsəfi
dünyağörüşü mövqeyindən təhlil və işıqlandırılmasına rəvac verdi. Qədim
materialistlərin (Epikür, Demokrit) fikrincə şüur insan bədənindən asılı olub,
onun ölümü ilə yoxa çıxırdı., yəni heç nəyə
çevrilirdi. Digər filosoflar isə
(Platon, Berkli, Hegel) şüuru
ilkin substansiya hesab edirdilər.
Qardnerin məqaləsi
və bir sıra başqa mənbələrə istinadən açunun qavranilması ilə bağlı müxtəlif
ideyaların komplementarlığı məsələsi müəyyən
qədər maraq doğurur.
Nədir
solipsizm? Əminəm ki, bir çoxlarında da dünyanın subyektiv idealizm mövqeyindən
qavranılması meyli yaranmamış deyildir.
Adı gedən məqalədə
yalnız və təkcə subvahid idealizm motivlərindən qaynaqlanaraq çıxış edən müəllif
realizmin fərdi ontogenetik səpkidə və
miqyasda çözülməsini məqsəd kimi ortaya qoymur və bu da oxucunu mövzunun birtərəfli
işıqlandırılması fikrinə gətirib çıxarır. Məqalədə istinad nöqtəsi “Solipsizm –tək bircə mən varam, məndən
qeyrisi yoxdur, hər bir şey məndə təmərküzləşib, məndə təcəlla bulub, bütün yaxın və uzaq aləm patternləri,
səslər, qoxular, bir sözlə, canlı – cansız hər nə varsa, bütün komponentləri ilə yalnız və tək bircə mənim ağlımın məhsuludur.,
görmə və qavrama bucağımdır” olmaqla,
ümumi axından bütün kənarlanmalar tam bir fiasko gerçəkliyinə gətirilir. Yəni diskurs
yalnız subyektiv məfkurə qoluna, monad ideolojisi tezisinə köklənir və zənnimcə
işin məğzini açmaqdan daha çox oxucuda dünyanın
solipsist çevrəsindən anlamına qarşı ikrah oyatmağa xidmət edir.
Müəllif tərəfindən
solipsizmin – özünü Absolyut səviyyəsinə qaldırmaq, şəxsi ekzistensiyanın təhrifi
sublimasiyası, şeytan ruhlu Kreml fəlsəfəsi və digər bu kimi epitetlərlə süslədilib,
əsaslı müzakirələr civarında nəzəriyyənin
“çoxluq belə düşünür”-ə tabe edilməsi dəstəklənir. “Solipsistsənsə, deməli,
dəlisən və aramızda gəzməməlisən” deyən müəllif bu doktrinanı bəyənənlərin,
çoxluğun vəhşi və kor inamdan törəyən əlacsızlıqdan gəldiyi aberrativ nəticələrə
məcburi boyun əyməsinin və boyun əyməzsə ruhi-əsəb klinikalarına təpidilməsinin
tərəfdarıdır. Qalan sağlam düşüncəlilər solipsizm yontusunun postamentdən
aşırılmasına (onu isə ora qaldıranlar olub)
xidmət edə biləcək hər hansı bir rasional diskurs metodunun işlənib-hazırlanmasında
maraqlı olmalıdırlar, ən azından ona görə ki, solipsizm ideyalarının həyata vəsiqə
almasına mane olmaq həmin sağlam düşüncəlilərin
ağlının çaşmamasından ötrü elə onların özünə lazımdır. Yəni ona görə yox ki, həqiqət
budur, ona görə ki, bu sayaq inanc (yaradılışın qeyri-delyuzion təbiəti) daha
variabelli və rahatdır.
Son zamanlar
bir sıra fizika alimlərinin də qələmindən solipsist dünyagörüşünə tuşlanmış
yazılar çıxmaqdadır ki, onlar da kvant
mexanikasının fəlsəfi rakursdan şərhi üzərində qurulub, insanların diqqətini
sözü gedən idealist cərəyanın təhlilinə yönəldirlər.
Çarlz Pirs bizi əhatə edən fenomenal dünyanı adlandırmaqdan ötrü “faneron”
terminini təklif etmişdi.
Uaythed:
“Şairlər öz
sonetlərini darıxdırıcı, cansıxıcı, səssiz-rəngsiz-iysiz ölü və quru təbiətə həsr
etməklə necə yanıldıqlarını bilsəydilər, bu işdən əl çəkib, yalnız təfəkkürü tərənnüm
edər, onu mədh edərdilər.”
Yəni bütün
bunlar insan beynində törəyən mənzərələrdir, yansıtma çaları və akkordlarıdır.
Qardner məqaləsində “zaman solipsizmi” anlayışına da toxunmuşdu. Bu vaxt təkcə məkan
yox, zaman da daralıb, Dekart fəlsəfəsinin
“Mən yalnız indi varam” çıxış
nöqtəsinə sığacaq şəklə salınır. Bu, subyektiv idealistlərin zaman
moduslarından da məhrum cinahıdır.
“Unutma.
Saatın əqrəbindən asılmış dəqiqədən başqa heç bir şey yox.” (Tsunetomo).
Klassik
solipsistin (subyektiv məfkurə daşıyıcısının) şüarı: İndi və Burda.
İnsan urbanik
sövq nəticəsində kənddən şəhərə gəlir. Kənd mənzərələrinin müşahidəsi onun üçün
qeyri-mümkündür indi. Amma obası-ocağı yer üzündən silinməmiş axı... İstənilən
vaxt o yerlərə qayıda bilər. Məkan zaman aktivində həll olunmuş. “Zaman
solipsizminin” tanınması isə məkanın birdəfəlik, yəni gözdən yayınma anında
gömülməsi demək olmazdımı? Məkan yerdəyişməsi ixtiyarımız daxilində olan bir
şeydir., bacarmadığımız – zaman səyahəti.., buna ya yuxuda, ya xatirələrimizdə,
ya da arzularımızda azacıq nail ola bilirik.
Əgər Keçmiş
bir fəlsəfi kateqoriya kimi yoxsa, dünyasını dəyişmiş insanın həyat fəaliyyəti
haqda xatirələr yaxınlarının hansı yaddaş oyuğunda cəm edilməlidi? Bəs arzular
necə?,əgər Gələcək yoxsa? Gələcək arzuların reallaşa biləcəyi yeganə zaman
platsdarmıdır.
Yeganə vaxt,
qeyri-dinamik vaxt, modusların inkarı, Keçmiş, Gələcəyin dəyişməz zaman konstantına – İndiyə, cariliyə
tabe olunması, hər bir şeyin İndi, lakin
müxtəlif məkan patternlərində statik baş
tutması - bu barədə K.Kedrovun əsərlərində
modusların Anın dominantlığına təhkimi ilə bağlı müəyyən məlumatlar var və
düşünürəm, zamanın ontoloji təbiətinə fəlsəfi yanaşma təqib edən, Vaxtın obyektiv
axınının inkarına hesablanmış blok-Zaman
istilasına söykənmiş bir çox digər filosofların
da ideoloji traktatlarında bu qəbildən açıqlamalar olmamış deyil.
Dekartın “Düşünürəmsə, deməli, varam” silloqizmi və
Berklinin “qavrayıramsa, demək, vardır” məşhur deyimi üzərində qurulmuş solipsizm nəzəriyyəsi
subyektiv idealizm adı altında tanınır. Soliptik doktrinaya müəyyən qədər yaxın
obyektiv idealizm isə heç də “bir fərdin
əqli uydurması” şəklində çözələnə bilməz. Obyektiv dünyagörüşü platforması üzərində
qərarlaşan cinah ontogenik paylanış mexanizminə əsaslanır və çözümdə hər fərdin
öz kanalı, trayektoriyası, həyat səhnəsi – həqiqətləri ilə, hüdud və həndəvəri,
prinsip və fərdi yaşayış vərdişləri əsas götürülür. Yəni bir tək mən yox, hamı
vardır. Sadəcə hərə özü üçün. “Bir tək mən
– öz cığırımda” mənim üçün təklik, kənar
müşahidəçi üçün isə fərdlər yığnağının
bir üzvüdür. Kənardakı birisi müşahidəçi effektini, kənardan baxışı gerçəkləşdurən
obyektiv qismindədir.
Berklinin “qavrayıramsa, deməli, vardır” deyiminə qayıdaq. İnkardan çıxış:
qavramıramsa, deməli, yoxdur. Yoxluq nədir? Varmı ümumiyyətlə yoxluq?
Varlığın, Olumun əksi kimi onu qavrama
lokusuna qoysaq, nonsens yaranmırmı? Yox necə var ola bilər? Neqativ Pozitivin,
Şər Xeyirin inkar modelidir və bu təsdiq məhz keyfiyyət definisiyası
ampluasından mümkündür. Amma Yox Var-ın inkar atributu kimi var ola bilməz. –
bu, onun adına xələf çıxıb, özünü inkar etməsi demək olardı.
Solipsizmin
köklərinə qədim yunan filosoflarının əsərlərində də rast gəlinir. Parmenid və
onun şagirdi Zenon hər cür dəyişkənlikdən
uzaq, hərəkətsiz dünya modelini işləmişdilər. Yəni hərəkət fərdlərə aiddir,
dünya statikdir. Zenon bir sıra aporiyalarla hərəkətin qeyri-mümkünlüyünü təsdiq
edirdi. Parmenid yalnız təfəkkür halayında olan Olumu qəbul etməyə çağırırdı.
Onun məntiqinə görə Yoxluq haqda düşünmək olmaz, çünki o yoxdur və düşünmədiyin
halda və məhz düşünmədiyin və qavramadığın üçün də onun var olması
qeyri-mümkündür. Yalnız qavranılanlar qəbul ediləndir və vardır. Yox-un Var-lığı ziddiyyətin ən pik nöqtəsidir.
Soilipsizn
haqda proletariatın rəhbəri V.İ.Lenin də yazıbmış, öz “Materialızm və empirikriotizm” əsərində (tənqidi təhlil).
Qardner
“solipsizm ideyasının yanlışlığını çox bəsit nümunələrlə izah etmək olar” deyir. Niyə insanlar faneronu eyni cizgilərdə
görür? Teleskopa baxan 2 nəfər niyə eyni qalaktikanı müşahidə edir?
Bu sual digər
birini, özü qədər bəsit sualı dogura bilməzmi? Eyni dünyanın, sosial mühitin
yetirməsi, eyni bioloji növə aid olan iki kəs, eyni fiziki qanunlara tabe olub,
səbəb-nəticə əlaqələrinin varlığını əxz etmişlər – bunlar teleskopa baxanda niyə
müxtəlif mənzərələrin şahidi olsun ki? Aramızda yüksək əmsallı identiklik olan
hər hansı birisi mənim dünyamda varsa, eyni konyunktura həm onundur, həm mənim.
Amma mənlə paralel həyat sürən (yəni eyni faneron tərkində) hər hansı bir
canlının – məməlininmi, quşunmu, balıq ya böcəyin – dünyanı mən təki qavraması
şərt deyil., çünki bioloji növ müxtəlifliyi, cins fərqi, kateqoriya uçurumu
durur aramızda. Milçək öz fasetli gözü ilə dünyanı necə görüb qəbul edir – bunu
milçəyin özündən soruşmaq lazım. Və ya başqa bir misal: görmə və eşitmə
qabiliyyətindən məhrum insanlar (bəziləri elə belə də doğulurlar, yəni onlarda
rənglər və səslər haqda heç təsəvvür də olmur), onlar da bizlərdən biridirsə, bəs
niyə belə konfuz yaranıb? Deməli, anlayış və qavramadan asılıdır hər şey. Ola
bilsin, ətrafımızda tam bir stabillik və adinamika hökm sürməkdədir. Biz onu hərəmiz
bir cür qəbul edirik, həyat təcrübəmizdən, yaşam bucağımızdan, şəxsi reallıq,
immanent xüsusiyyətlərimiz və s.və il.-dan asılı olacaq qədər dəyişkən.
Olmaq –
qavranılmaq deməkdir. (Berkli).
Obyektiv
idealizmin bu və ya digər mənada prototipi sayıla biləcək solipsizm
konsepsiyası anlaşılma üçün son dərəcə
müşküldür. Qeyd etmək yerinə düşərdi ki, maksimalist yönümlü sxolastlar üçün
monistik subyektivizmə yuvarlanmaq su içimi qədər asan bir şey.
Mən başımı
qaldırıb səmanı görürəmsə, deməli, səma var. Planet və kosmik cisimləri görmürəmsə,
deməli, onlar yoxdur. Belə zənn etmək düzgün olmazdı. Onlar mənim baxış dairəmdə
deyil, amma tərkib hissəsi sayıldığım sivilizasiya müxtəlif dəlillərlə bütün bu
görünməyən dünyanın varlığını sübut etmiş.
Xalq fəlsəfəsi
adı ilə verilən maraqlı bir infoya rastlaşdım.
Yuxu nədir? O
varsa, siz bunu bilirsiz., yəni varlığından xəbərdarsız. Amma onun yoxluğundan
da xəbərdarsız., yəni bildiz ki, yuxu olmadı. Nədən bildiz? Yoxuydu axı.. Təcrübə.
Varlığından xəbərdardız, ona görə. Varlığından bixəbər olduğunuz hər nəyinsə yoxluğundan deyə bilmərik, çün olumunu görmədik.
Qardner
solipsizm ideyasının tutarlılığını təkzib edir, amma etmədiyi bir şey –
obyektiv ideologiyanın alternativ və daha kamil nəzəriyyə kimi baxış müstəvisinə
qoymamasıdır.
Berklinin
doktrinası subyektiv idealizm nümunəsi sayılsa da, o, tək qavrayan obyekt ideyasını rədd edib, “nəsnələr bir qrup
seyrçinin diqqət dairəsindən çıxarsa, həmən başqaları tərəfindən tutulacaqdır və
hətta heç kəs də olmasa, ilahi qüvvənin nəzərində obyektlər toplusu kimi səciyyələndiriləcəkdir” qənaəti ilə obyektiv idealizmə qarşı böyük
bir addım atmış olur.
Stabil
müşahidəçı. Bu səbəbdən xilqətin də saxlanılması şərt daxilindədir. Dəyişənlər
sırasında daimi Konstanta. Absolyut. Əgər
heç olmazsa bir müşahidəçi varsa..... o tək müşahidəçi isə həmişə var..
Realizmin,
daha doğrusu ximerik yaranmışın ontoloji qəbulu – obyektiv idealizm hər cür
metodoloji incəliklərsiz, gerçəkliyimiz çərçivəsində paradiqmal olaraq özünü
doğrulda biləcək yeganə persepsiya doktrinasıdır, zənnimcə.